10 Yanvar 2025, Cümə

 

Fevralın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuşdur. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq xətti ölkəmizdə davamlı inkişafı təmin etmişdir. Sahibkarlığın inkişafı bu istiqamətdə nəzərdə tutulmuş mühüm faktordur. İqtisadiyyatın canlandırılmasının əsas yolunun islahatlardan və sahibkarlığın inkişafından keçdiyini bildirən ulu öndərimiz deyirdi ki, “Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur”.Hazırda bu yol uğurla davam və inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları ölkəmizin, eləcə də muxtar respublikamızın davamlı inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə gətirib çıxarmışdır.Cari il yanvar ayının 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti cənab İlham Əliyev sahibkarlara dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir: “Sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür... Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun”.       

Ali Məclisin Sədri demişdir: Milli iqtisadiyyatı formalaşdırmaq, daxili bazarı xarici amillərin təsirindən qorumaq üçün sağlam sahibkarlıq mühitinin yaradılması zəruridir. Bu amil nəzərə alınaraq ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərmişdir. 2016-cı ildə Sahibkarlığa Kömək Fondu tərəfindən özəl bölmənin inkişafına 15 milyon manatdan artıq kredit verilmişdir. Fəaliyyətin bu növü ilə məşğul olmaq istəyən 33 hüquqi və 2173 fiziki şəxs qeydiyyata alınmış, 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faizi ötmüşdür. Hazırda sənaye sahəsində məhsul istehsalının 96 faizi, tikintidə görülən işlərin 85 faizi, nəqliyyat xidmətinin 82 faizi, rabitə xidmətinin 81 faizi, kənd təsərrüfatında işlərin 98 faizi, ticarət və mehmanxana xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bunlar da çox yüksək göstəricilərdir. 

"Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsindən və yerli istehsalın inkişaf etdirilməsindən keçir", -deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər öz nəticəsini göstərmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış və yerli istehsalın həcmi artmışdır. 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, hazırda 366 adda məhsul istehsal olunur. Yeni yaradılan sahibkarlıq müəssisələri hesabına əhalinin 344 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Əhalinin ərzaqla təminatında kənd təsərrüfatının mühüm rolu vardır. Ona görə bu sahədə sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Aqrar sektorda fəaliyyət göstərən sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azaddırlar. Onlara güzəştli şərtlərlə texnika, yanacaq, kredit, subsidiyalar, gübrə verilir, suvarma sistemlərinin təkmilləşdirilməsi üçün yeni infrastruktur yaradılır. Bütün bunları həyata keçirməkdə məqsəd məhsul bolluğuna nail olmaqdan, əksər kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdən ibarətdir.

Qeyd olunmuşdur ki, sənaye sahəsində də sahibkarlıq fəaliyyəti genişlənmişdir. Muxtar respublikada həyata keçirilən tədbirlər və mövcud şərait iri sənaye komplekslərinin və istehsal sahələrinin yaradılmasına səbəb olub. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublikada bu gün aqrar-sənaye kompleksi böyük üstünlüyə malikdir. Hazırda Naxçıvan Muxtar Respublikasında avtomobil və tikinti materialları, ərzaq və məişət əşyaları istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr fəaliyyət göstərir. 1996-cı ildə muxtar respublikada ümumilikdə 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 11 dəfə artırılaraq 442-ə çatdırılmışdır. Yeni fəaliyyətə başlayan müəssisələr əsasən yerli xammaldan istifadə əsasında öz fəaliyyətlərini qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hal-hazırda muxtar respublikada mövcud olan 442 istehsal müəssisəsindən 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir. Bu hesaba bir tərəfdən digər sahələr də inkişaf edir, ikinci tərəfdən isə daxili bazar etibarlı şəkildə qorunur.

Ali Məclisin Sədri demişdir: Naxçıvan bu gün dünyaya açılır. Qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və ekoloji təmiz məhsulları hesabına muxtar respublikaya hər il yüz minlərlə turist gəlir. Bu isə öz növbəsində xidmət sektorunun inkişafına da öz təsirini göstərir. Sahibkarlıq müəssisələrinin bu sahədə fəaliyyəti təqdirəlayiqdir və qarşıdakı dövrdə bu sahədə fəaliyyət daha da genişləndiriləcəkdir. Sahibkarlıq o yerdə inkişaf edir ki, orada maneələr aradan qaldırılır, istehsal olunan məhsulların bazarda satışı rahat həyata keçirilir. Bu gün muxtar respublikada təşkil olunan yarmarkalar da daxili bazarı xarici təsirlərdən qoruyur. Yerli məhsulların satışına üstünlük verilir. Kənd təsərrüfatı və yerli istehsal məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə də dövlət tərəfindən dəstək verilir, müəssisələrin ixrac potensialının artırılması diqqətdə saxlanılır. Görülən işlərin nəticəsidir ki, xarici ticarət dövriyyəsində də özəl bölmənin xüsusi çəkisi artmışdır.

Əldə olunmuş nəticələrə əsaslanaraq demək mümkündür ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün nəzərdə tutulmuş tədbirlər vaxtında həyata keçirilir. Qalır təşəbbüs göstərmək və mövcud şəraitdən səmərəli istifadə etmək. Bu gün dövlət orqanlarının sahibkarlığın inkişafına baxışı aydındır. Biz nə istəyirik? İstəyirik ki, sahibkarlar sinfi formalaşsın, sahibkarlığın inkişafı hesabına yeni iş yerlərinin açılması, keyfiyyətli məhsul istehsalı davam etdirilsin.  Hər bir sahibkar da istəyər ki, sabitliyin təmin olunduğu yerdə fəaliyyət göstərsin. Bir sözlə, hər bir sahibkar məqsədyönlü fəaliyyəti ilə öz biznesinin və ölkə iqtisadiyyatının inkişafına töhfəsini verməlidir. 

Ali Məclisin Sədri bu yolda hamıya uğurlar arzulamış, səmərəli fəaliyyət göstərən sahibkarlara təşəkkürünü bildirmişdir. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada 2016-cı ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi artaraq 2 milyard 582 milyon 361 min manat təşkil etmişdir. Yeni normativ hüquqi aktların qəbulu, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər əlverişli biznes mühitinin inkişafına şərait yaratmışdır. Ötən il sahibkarlara verilmiş kreditlərin 79 faizi sənaye və kənd təsərrüfatı olmaqla real sektorun, 21 faizi isə xidmət sektorunun payına düşmüş, 6 heyvandarlıq, bir quşçuluq, bir balıqçılıq, 6 soyuducu anbar və 3 istixana təsərrüfatı fəaliyyətə başlamışdır. Sahibkarların sayının artması məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərib. Bu fəaliyyətin nəticəsində 2016-cı ildə 3 mindən artıq yeni iş yeri açılıb. Müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaratmış, elektrik enerjisi, ərzaq, tikinti, mebel, yüngül sənaye məhsullarıxarici ölkələrə ixrac edilmişdir. 

Naxçıvan Muxtar Respublikası “Arıçılar İctimai Birliyi”nin sədri Vaqif Məmmədov demişdir ki, muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı nəticəsində bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoymuş, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artmışdır. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kreditlər verilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılmışdır. Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində görülmüş tədbirlər nəticəsində, arı ailələrinin sayı 2000-ci ildə 12 min 620 arı ailəsindən 71 min arı ailəsinədək artmışdır. Bu gün muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla məşğul olur. 2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsal edilmiş, “Arıçılıq məhsulları - bal festivalı” keçirilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının  genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradacaqdır.

Ali Məclisin Sədri muxtar respublikada arıçılıq üçün hərtərəfli şəraitin olduğunu nəzərə çatdıraraq İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən arıçılığın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsi, bu sahədə mütərəqqi üsulların tətbiqi, maarifçilik işinin aparılması, arıçıların xarici ölkələrdə keçirilən konfranslarda iştirakının təmin olunması ilə bağlı tapşırıqlar vermişdir. 

Kəngərli rayonunun Çalxanqala kəndində yaradılan heyvandarlıq təsərrüfatının sahibkarı Pərviz Məmmədov çıxış edərək demişdir: Torpaq mülkiyyətçilərinə subsidiya və kreditlər verilməsi, texnika ilə təminatın ilbəil yaxşılaşması, məhsul istehsalçılarına hər cür dəstək göstərilməsi və  aqrar sektorun inkişafına yaradılan  münbit şəraitdən bəhrələnərək 2010-cu ildə fermer təsərrüfatımızın yaradılmasına başlamışıq. Təsərrüfatın ümumi sahəsi 15 hektardır. İlk illərdə Sahibkarlığa Kömək Fondundan götürdüyümüz güzəştli kredit və şəxsi vəsait hesabına badam, ərik və üzüm bağı saldıq. İlk illərdən başlayaraq yüksək məhsuldarlığa və keyfiyyətli məhsul istehsalına nail olduq. Daha sonra məhsullarımızın satışından əldə etdiyimiz 10 min manat vəsait hesabına 70 baş xırdabuynuzlu və 6 baş iribuyuzlu olmaqla heyvandarlıq təsərrüfatı yaratdıq. Təsərrüfatımızın fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılmasında  da mühüm rol oynamış, ailəmizin işçi qüvvəsindən əlavə 5 yeni iş yeri açılmışdır. Təsərrüfatda yaradılan hər cür şərait məhsuldarlığın intensiv yolla artırılmasına, mövsümi ekoloji təmiz məhsulların istehsalına imkan verir. Sahibkarlara göstərilən qayğıdan bəhrələnərək bu ildən heyvandarlıq təsərrüfatının genişləndirilməsinə başlamışıq. Yaradılan şəraitə görə minnətdarlıq edən sahibkar fəaliyyətlərini daha da səmərəli quraraq göstərilən etimadı doğruldacaqlarını bildirmişdir. 

Ali Məclisin Sədri sahibkarlığın çoxşaxəli inkişafının əhəmiyyətini qeyd etmiş, muxtar respublikada bu sahədə görüləcək işləri diqqətə çatdırmışdır. 

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 6 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər kənd təsərrüfatı texnikalarının alınması, heyvandarlıq, plastik tara istehsalı və bağçılıq təsərrüfatlarının yaradılmasına sərf olunacaqdır. 

Tədbirdə 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunmuşdur. 

Sonda Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxmışdır. 

Qeyd olunmuşdur ki, sərgi salonunda 88 müəssisənin 189 növdə və 988 çeşiddə məhsulu, 15 sənətkar tərəfindən hazırlanan 137 əl iş, rəsm əsərləri, xalçalar, Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artmasına səbəb olub. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də sahibkarlıq müəssisələrinin ixrac imkanlarını artırır. Hazırda Naxçıvan Avtomobil Zavodunda tələbata uyğun, eləcə də sifariş əsasında 14 modeldə avtomobil istehsal olunur. Keyfiyyət və sərfəli qiymət təklifi bu avtomobillərə marağı artırmışdır.  

Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, istehsal prosesində qənaətcil texnologiyaların tətbiq olunması, sahibkarlar arasında əlaqələrin qurulması və birgə fəaliyyətin təşkili barədə aid təşkilatlara tapşırıqlar vermişdir.    

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR