10 Yanvar 2025, Cümə

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilmiş, mərkəzdə yaradılan yeni fondlara baxış olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov çıxış edərək demişdir ki, Naxçıvana həsr olunmuş materialların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmış və  mərkəz 1089 adda 2307 nüsxə müxtəlif çap materialı ilə fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə mərkəzin fondları Naxçıvanşünaslığa dair dəyərli kitab, jurnal, qəzet və digər çap materialları ilə zənginləşmişdir. Hazırda mərkəzin ümumi kitab fondunda 3769 nüsxə çap materialı vardır. Ötən dövr ərzində mərkəzin arxiv fondu da Naxçıvanşünaslığa dair arxiv materialları ilə daim zənginləşmişdir. Burada Naxçıvanın ictimai-siyasi, elmi-mədəni həyatını əks etdirən arxiv sənədləri, həmçinin Naxçıvanın tarixini, mədəniyyətini, coğrafiyasını, sosial-iqtisadi inkişafını əks etdirən jurnal və qəzet materialları, xəritə və atlaslar, albom və fotomateriallar, sənədli filmlər toplanmışdır. Hazırda arxiv fondunda 676 material mövcuddur. Şahin Əliyarov göstərilən diqqətə görə kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da səylə çalışacaqlarını bildirmişdir.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ali Məclisin kitabxanasının bazasında yaradılan Naxçıvanşünaslıq Mərkəzinin ötən 5 ildə səmərəli yol keçdiyini, mərkəzdə Naxçıvanla bağlı çap olunan kitabların toplanaraq təbliğ olunduğunu, müxtəlif tədbirlərin keçirildiyini, müzakirələrin və elmi tədqiqatların aparıldığını bildirmiş, bu münasibətlə kollektivə təşəkkür edərək demişdir: Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasında məqsəd qədim Azərbaycan torpağının tarixinə, mədəniyyətinə və təbiətinə aid kitabların, eləcə də Naxçıvanın qədim türk torpağı olduğunu təsdiq edən sənədlərin toplanması və təbliğini həyata keçirməkdən ibarətdir. Bu gün muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, ali, orta ixtisas və peşə təhsili müəssisələri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə tədqiqatlar aparılır, kitablar nəşr olunur, yeni sənədlər üzə çıxarılır, qərarlar qəbul olunur.  Bu materialların bir mərkəzdə toplanması və təbliği vacib məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyəti də məhz bu istiqamətdə qurulmuşdur. 

Ali Məclisin Sədri demişdir: Naxçıvanın qədim tarixi və bu günü haqqında materialların toplanması və gələcək nəsillərə çatdırılması Naxçıvanşünaslıq Mərkəzinin qarşısında duran əsas vəzifədir. Mərkəzdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, elektron oxu zalı və internet saytı istifadəyə verilmişdir. Muxtar respublikada fəaliyyət göstərən dövlət təşkilatları, elm və təhsil müəssisələri tərəfindən nəşr olunan kitablar, eləcə də digər sənədlər mərkəzdə onlar üçün yaradılmış fondlarda yerləşdirilir. Bu da elm, təhsil və yaradıcılıq təşkilatlarının illik fəaliyyəti haqqında dolğun məlumat almağa imkan verir. Ona görə də Naxçıvanşünaslıq Mərkəzinin formalaşmasında və işinin təşkilində muxtar respublikanın aid dövlət təşkilatları, elm və təhsil müəssisələri yaxından iştirak etməlidirlər. Naxçıvanşünaslıq Mərkəzi bundan sonra da alim və tədqiqatçılar üçün açıq olmalı, mərkəzdə toplanan kitab və digər çap məhsulları mütəmadi olaraq internet üzərindən təbliğ olunmalı və yayılmalıdır. Fəaliyyətin bu istiqamətdə qurulması Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, müasir inkişafı və qədim Azərbaycan torpağı olması ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına imkan verəcəkdir.   

"Naxçıvan tarixinin tədqiq olunması, öyrənilməsi və təbliği eyni zamanda Azərbaycan tarixinin, elminin araşdırılması və öyrənilməsi deməkdir. Bu mənada Naxçıvanşünaslıq təkcə bir regionun deyil, ümumilikdə Azərbaycanın qədim tarixini, elmini, təbiətini, mədəniyyətini və yaradıcılıq sahələrini öyrənən və tədqiq edən mərkəzdir", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvanşünaslıq Mərkəzi bundan sonra da aid dövlət orqanları, yaradıcılıq təşkilatları, elm və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərməli, Naxçıvanla bağlı nəşr olunan kitablar burada toplanmalı və müzakirə olunmalı, geniş təbliğ edilməlidir. 

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, Naxçıvanşünaslıq Mərkəzində yaradılan yeni fondlara baxmış, mərkəzin fəaliyyəti ilə maraqlanmışdır. 

Məlumat verilmişdir ki, Ali Məclis Sədrinin tapşırığına əsasən mərkəzdə dövlət orqanlarının, elmi müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin və yaradıcılıq təşkilatlarının nəşrlərindən ibarət 4 yeni fond yaradılmışdır. Dövlət orqanları tərəfindən nəşr olunan çap materiallarının fondunda ümumilikdə 2332 çap materialı, elmi müəssisələrin nəşrlərindən ibarət fondda 582 çap materialı,  ali və orta ixtisas təhsili müəssisələri tərəfindən nəşr olunan çap materiallarının fondunda 523 çap materialı, yaradıcılıq təşkilatları tərəfindən nəşr olunan çap materiallarının fondunda isə 332 nüsxə kitab vardır. Fondların hər birində kitablar təsnifatına uyğun olaraq yerləşdirilmiş, onların elektron variantı yaradılmışdır. Mərkəzin sürətköçürmə otağında 1281 adda kitabın sürəti köçürülərək elektron formatı yaradılmış və mərkəzin internet saytına daxil edilmişdir. İstifadəyə veriləndən bu günə qədər mərkəzin saytına 11 min 843 müraciət olmuşdur. Hazırda mərkəzin ümumi kitab fondundakı çap materiallarından 2802-si kitab, 29-u miniatür kitab, 694-ü jurnal, 104-ü avtoreferat, 65-i dərs proqramı və 75-i isə cildlənmiş qəzetlərdir. Ötən dövrdə mərkəzdə 231 açıq dərs keçirilmiş, dərslərdə 4571 dinləyici iştirak etmişdir. Hazırda mərkəzin qeydiyyat şöbəsində 740 oxucu qeydiyyatdadır. 

Ali Məclisin Sədri fondların daha da zənginləşdirilməsi, burada toplanan  kitabların və digər sənədlərin mərkəzin internet saytı vasitəsilə mütəmadi təbliğ olunması və gənclərin iştirakı ilə Naxçıvanşünaslığa aid açıq dərslərin keçirilməsi barədə tapşırıqlar vermişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR