Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib.
Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Görüş zamanı 2024-cü ildən sonra “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin, “Cənub” qaz dəhlizinin yaradılması və “Şahdəniz-2” layihəsi ilə bağlı aparılan işlərdə əldə edilmiş irəliləyiş, BP şirkətinin “Şəfəq-Asiman” blokunda, Abşeron yarımadasının dayazsulu hissəsində həyata keçirdiyi işlər və BP-nin Azərbaycanın neft-qaz sənayesinin inkişafında iştirakının perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
AZƏRTAC