10 Yanvar 2025, Cümə

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Minlərlə insan Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri­ ulu ­öndərin abidəsini ziyarət edərək dahi ­şəxsiy­yətin əziz xatirəsinə sonsuz məhəbbətlərini­ bildirmişlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövrü xalqa xidmət nümunəsidir. O, Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmışdır. Ümummilli lider Azərbaycanı istər Sovet imperiyasının məngənəsindən, istərsə də müstəqilliyin ilk illərindəki xaos və anarxiyadan çıxararaq yeni inkişaf mərhələsinə yüksəltmişdir. Məhz bu səbəbdən ulu öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. Həyatını xalqına və ölkəsinə həsr etdiyini bəyan edən dahi rəhbər deyirdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam”.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən – ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə hakimiyyətə gəlişi ilə qoyulmuşdur. 1969-1982-ci illərdə ulu öndər Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorudu, iqtisadiyyatı dirçəltdi. Ölkəmizdə böyük istehsal müəssisələri, zavodlar, fabriklər tikildi, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başladı, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşı bərpa edildi və bütün bunların məntiqi nəticəsi olaraq gələcək müstəqilliyin əsasları yaradıldı.
Alman filosofu Hegel yazırdı ki, “sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər”. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasıdır. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır.
Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışmış, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atmışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunmuşdur. Bir sözlə, dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoymuşdur.
Şəxsiyyətlərin ucalığını təsdiqləyən əsas amillərdən biri də onların xalqı və dövləti naminə zamanın hökmünə qarşı qərar qəbul etmələridir. Ulu öndər ölkəmizə rəhbərliyinin birinci dövründə xalqın milli varlığını bərpa etməklə, gələcək müstəqillik üçün iqtisadi əsaslar yaratmaqla, 1990-cı ildə imperiyanın mərkəzində kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etməklə və Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla bütün varlığı ilə doğma Azərbaycana və xalqına bağlı olduğunu bir daha təsdiqləmişdir.
Böyük şəxsiyyətlər heç bir zamana və məkana sığmırlar. Tarix böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan xalqının şanlı tarixidir. Çünki dahi rəhbər Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub-yaratdı. Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ulu öndərin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövr min­illiklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri Vasif Talıbov demişdir: “Dahi Heydər Əliyev ona görə ümummilli liderdir ki, xalqının ağır günündə onun səsini eşitdi, Azərbaycanın xilası naminə, xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin adını xalqımızın xilaskarı simvoluna çevirdi. Xalq - Heydər Əliyev, Heydər Əliyev - xalq birliyinin sarsılmazlığı dövlətimizin müstəqilliyinə əbədi təminat verdi. Hələ sağlığında möhtərəm Heydər Əliyevin xalqın ümummilli lideri adını qazanmasının kökündə də məhz bu amil – xalqın öz liderinə dərin inamı və məhəbbəti, liderin isə mənsub olduğu xalqın yolunda hər cür fədakarlığa hazır olması və xalqa olan sonsuz məhəbbəti dayanırdı. Ümummilli liderimizin bu fədakarlığı sayəsində 1993-cü ildə Azərbaycanın əldən getməkdə olan dövlət müstəqilliyi qorunub saxlandı”.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan, sürətli sosial-iqtisadi inkişaf ­dinamikasına malik və ən əsası ulu öndərin siyasi xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kimi qüdrətli lideri olan müstəqil Azərbaycanda yaşayır. Bu gün ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir.
Bu gün Naxçıvan Muxtar Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunmuşdur. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət almış, dinamik iqtisadi inkişaf əldə olunmuş, infrastruktur yenilənmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, enerji və ərzaq təhlükəsizliyi təmin olunmuş, etibarlı müdafiə sistemi yaradılmışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR