Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
AZƏRTAC