Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilib
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir, kompleks quruculuq işləri aparılır. Yaşayış məntəqələrinin inkişafı, yeni iş yerlərinin açılması insanların rahat yaşayışını təmin etmişdir. Uğurlu sosial islahatlar və aparılan quruculuq işləri Naxçıvan Muxtar Respublikasının da şəhər, qəsəbə və kəndlərini abad və müasir görkəmə qovuşdurmuşdur.
Dekabrın 9-da Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Hacıvar kənd yolu yenidən qurulub
Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Bu amil əsas götürülərək muxtar respublikada kənd yolları yenidən qurulur.
Dekabrın 9-da Hacıvar kənd avtomobil yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, sakinləri təbrik etmiş, yolda görülən işlərlə maraqlanmışdır.
Bildirilmişdir ki, Hacıvar kənd avtomobil yolu müasir tələblər səviyyəsindədir. 4,7 kilometrlik kənd yolu genişləndirilərək asfalt örtük verilmiş, kənddaxili məhəllə yolları yenidən qurulmuşdur. Yolun üzərində 68 su keçidi qoyulmuş, 1250 metr beton kanal çəkilmişdir.
Hacıvarda yeni kənd mərkəzinin açılışı olmuşdur
Dekabrın 9-da Hacıvar Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, mərkəzdə kənddə fəaliyyət göstərən dövlət qurumları üçün müasir iş otaqları ayrılmışdır. Binanın birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, kitabxana, baytarlıq və feldşer-mama məntəqələri, ikinci mərtəbədə isə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika otağı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və 44 yerlik iclas zalı yerləşir.
Ali Məclisin Sədri baytarlıq məntəqəsi ilə tanış olmuş, Hacıvar kəndində heyvandarlığın inkişafı və baytarlıq xidmətinin təşkili ilə əlaqədar tapşırıq vermişdir.
Rabitə evində 384 yerlik müasir ATS quraşdırılmış, dayanıqlı rabitə və sürətli internet xidmətinin göstərilməsi təmin edilmişdir. Poçt bölməsində müvafiq xidmətlərlə yanaşı, əhaliyə bank xidməti də göstəriləcəkdir. Kənd kitabxanasının fondunda 5287 ədəbiyyat vardır.
Kənd mərkəzində Yeni Azərbaycan Partiyası Hacıvar kənd ərazi ilk təşkilatı üçün də iş şəraiti yaradılmışdır. Partiyanın 114 üzvü vardır ki, onlardan da 52-si gənc, 49-u isə qadınlardır.
Kəndlərdə quruculuq işləri aparılarkən tibbi xidmətin təşkili də diqqət mərkəzində saxlanılır. Hacıvar Kənd Mərkəzində də feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmış, lazımi tibbi avadanlıqlar qoyulmuşdur. Məntəqə ilə tanışlıq zamanı qeyd olunmuşdur ki, bu il kənddə 43 hamilə qadın və 28 doğuş qeydə alınmışdır. Hamilə qadınların və uşaqların qidalanmasına, peyvənd işinin təşkilinə xüsusi diqqət yetirilir.
Hacıvarda müasir xidmət sahəsi yaradılmışdır
Dekabrın 9-da Hacıvar kənd xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza fəaliyyət göstərir. Burada 5 kənd sakini işlə təmin olunmuşdur. Mağazalarda yerli məhsulların satışına daha çox üstünlük verilir. Xidmət mərkəzində kənd sakinlərinin fərdi təsərrüfatlarında istehsal etdikləri 20 çeşiddən artıq məhsul satışa çıxarılmışdır.
Sonra kənd sakinləri ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan quruculuq işlərindən sonra Hacıvar kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrildiyini bildirərək demişdir: Babək rayonunun Hacıvar kəndi dayanıqlı elektrik enerjisi, qaz və rabitə xidməti ilə təmin olunmuş, təsərrüfatların su təminatı yaxşılaşdırılmış, avtomobil yolu yenidən qurulmuş, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmiş, icra strukturları, feldşer-mama məntəqəsi, baytarlıq məntəqəsi və kitabxana üçün müasir iş şəraiti yaradılmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir. Bütün bunlar ölkəmizdə ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan sabitliyin və əsası qoyulan iqtisadi inkişafın Azərbaycan Respublikasının Prezidenti tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Eyni zamanda bu işlər ölkəmizdə insanlara göstərilən qayğının və dövlət-xalq birliyinin daha bir ifadəsidir.
Ali Məclisin Sədri demişdir: Dövlətimiz tərəfindən Hacıvar kəndində həyata keçirilən tədbirlər, aparılan quruculuq işləri sakinlərin rahat yaşayışına hesablanıb. Tikilənləri, qurulanları qorumaq, onlardan səmərəli istifadə etmək və ölkəmizin inkişafına töhfə vermək isə sakinlərin qarşısında duran vəzifələrdir. Hər kəs çalışdığı sahədə öz işini layiqincə yerinə yetirməli, torpaqlar əkilməli, təsərrüfatlar genişləndirilməli, dövlət qurumları bundan sonra da səmərəli fəaliyyət göstərməli, dövlət-xalq birliyinin nəticəsi olaraq sakinlər ölkəmizin inkişafında pay sahibi olmalıdırlar.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik etmişdir.
Hacıvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Namiq Quliyev çıxış edərək demişdir ki, muxtar respublika yeni inkişaf dövrünü yaşayır, şəhər, qəsəbə və kəndlər yenidən qurularaq müasir görkəm alır. Bu işlər Babək rayonunda da uğurla davam etdirilir. 2005-ci ildə Hacıvar kəndində müasir məktəb binasının açılışı olmuşdur. Bu gün isə əsaslı şəkildə yenidən qurulan kənd yolu, müasir kənd və xidmət mərkəzləri istifadəyə verilir. Artıq Hacıvar kəndində dövlət orqanları lazımi şəraiti olan binada əhaliyə xidmət göstərəcəkdir. Kənd əhalisinin rahat yaşaması və işləməsi üçün bütün şərait vardır. Kənd sakinləri adından minnətdarlıq edən Namiq Quliyev yaradılan şəraitin müqabilində daha səylə çalışacaqlarını bildirmişdir.
* * *
Hacıvar kəndində bir sıra abadlıq işləri də görülmüş, 2500 metr rabitə, eləcə də 700 metr fiber-optik kabel xətti çəkilmişdir. Kəndin elektrik və qaz sistemləri də yenilənmiş, 3250 metrlik elektrik xətti çəkilmiş, transformator yarımstansiyası əsaslı təmir edilmiş, 2500 metrlik müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmışdır. Kənddə suvarma tədbirləri də yaxşılaşdırılmış, yeni suvarma su xətti çəkilmiş, yolkənarı yaşıllıq zolaqlarında suvarma sistemləri quraşdırılmışdır.
Badaşqan kəndində xidmət mərkəzi
fəaliyyətə başlamışdır
Kəndlərin inkişafında əsas amillərdən biri də müasir xidmət sahələrinin yaradılmasıdır. Bu tədbirlər bir tərəfdən insanların rahatlığına xidmət edirsə, digər tərəfdən sakinlərin məşğulluğunun təmin olunmasına hesablanıb.
Dekabrın 9-da Badaşqan kənd xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 4 nəfər işlə təmin olunub. Xidmət mərkəzinin tikintisi zamanı kənddə abadlıq tədbirləri də görülmüş, rabitə xətləri yenilənmiş, yaşıllıq zolaqlarında yeni suvarma sistemləri quraşdırılmışdır.
Ali Məclisin Sədri xidmət mərkəzində yerli məhsulların satışına üstünlük verilməsi və sakinlərin gündəlik tələbatının nəzərə alınması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti