02 Yanvar 2025, Cümə axşamı

   Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
   Qonaqları salamlayan Ali Məclisin Sədri demişdir ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı təhsil və elm sahəsində qurulan körpülərlə daha da möhkəmləndirilir. İstər Türkiyənin yaxın bölgələri, istərsə də bu bölgələrin universitetləri ilə qurulan əlaqələr regionun tərəqqisi, yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Ərzurum Atatürk Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan əlaqələr də yüksələn xətlə inkişaf edərək getdikcə daha da möhkəmlənir.
   Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə əminliyini bildirən Ali Məclisin Sədri demişdir ki, elmi-mədəni əlaqələr ümumbəşəri əhəmiyyətə malikdir. Elmi biliklər paylaşılanda, qarşılıqlı təcrübə mübadiləsi ilə zənginləşdiriləndə daha faydalı olur. Bu, elmin inkişafına stimul verməklə bərabər, cəmiyyətin də inkişafına böyük töhfə verir.
 Ali Məclisin Sədri Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçakın universitetlərarası əlaqələrin qurulması və inkişafındakı fəaliyyətini yüksək qiymətləndirmiş, onu “Naxçıvan Dövlət Universitetinin fəxri doktoru” adına layiq görülməsi münasibətilə təbrik etmişdir.
  Nümayəndə heyətinə göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirən Hikmət Koçak Naxçıvanda elmə, təhsilə göstərilən hərtərəfli qayğının, bütövlükdə, regionda elmin, təhsilin inkişafına, mədəni əlaqələrin yüksəldilməsinə böyük töhfə olduğunu vurğulamışdır. Naxçıvana ötənilki səfərini xatırlayan Ərzurum Atatürk Universitetinin rektoru demişdir ki, ötən müddətdə muxtar respublikada quruculuq işləri davam etmiş, təhsil infrastrukturunun müasirləşməsi istiqamətində uğurlu addımlar atılmışdır. Bu, sürətlə inkişaf edən Naxçıvan Dövlət Universitetinin timsalında da özünü göstərir. Yaradılan şərait imkan verir ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin ali təhsil ocaqları öz potensiallarını birləşdirərək uğurlu nəticələr əldə etsinlər.
  Görüşdə elm-təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
  Türkiyənin Naxçıvandakı Baş konsulu Cenk Ünal görüşdə iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR