Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) Sərgi və Konfransında iştirakının önəmini qeyd edib və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb.
İki ölkə Prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyən Mahmud Vaezi bildirib ki, əgər bu gün biz ölkələrimizin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki Prezidentin dəstəyi sayəsində mümkün olub. Mahmud Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verib.
AZƏRTAC