Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual potensialıdır”.
Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı əsas vəzifədir. İntellektli və vətənpərvər gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Təhsil quruculuğu tədbirləri 2016-cı ildə də davam etdirilmiş, muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində yeni məktəb binaları tikilmiş, mövcud məktəb binaları yenidən qurulmuşdur.
Noyabrın 28-də akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 594 şagird yerlik 4 mərtəbəli məktəbdə akademik Zərifə xanım Əliyevanın xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla, 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, idman zalı və bufet vardır.
Məktəbin foyesində akademik Zərifə xanım Əliyevanın büstü qoyulmuşdur. Görkəmli akademikin xatirə muzeyi binanın birinci mərtəbəsində yerləşir. Burada Şahtaxtı kəndinin yetirməsi olan alimin həyat və fəaliyyətini əks etdirən məlumatlar, fotoşəkillər və kitablar qoyulmuşdur.
2016-2017-ci tədris ilində Şahtaxtı kənd tam orta məktəbində birinci sinfə 43 şagird qəbul olunmuşdur. Məktəbəhazırlıq qrupuna isə 42 uşaq cəlb olunmuşdur.
Məktəbdə 38 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Kitabxanada 8 mindən artıq kitab müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Kimya və biologiya laboratoriyaları tədris proqramına uyğun təcrübə avadanlıqları, fizika laboratoriyası isə həm də elektron lövhə ilə təmin edilmişdir.
Ali Məclisin Sədri məktəbdə kitabxanalara və şagirdlərin dəqiq elmlərə marağının artırılması, fənn olimpiadalarının keçirilməsi, Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbulun sayının artırılması barədə tapşırıqlar vermişdir.
Elektron lövhəli sinifdə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə əlaqə yaradılmış, muxtar respublikanın 212 ümumtəhsil məktəbi ilə birlikdə distant dərs keçirilmişdir.
Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Ölkənin inkişafını təhsil olmadan təsəvvür etmək mümkün deyil. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Ölkəmizdə ulu öndərin tövsiyələrinə əməl olunaraq müasir məktəb binaları tikilir. Bu gün istifadəyə verilən Şahtaxtı kənd tam orta məktəbinin binası da təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır.
Ali Məclisin Sədri demişdir: Bu gün orta məktəblərdə təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın ali, orta ixtisas və peşə məktəbləri ilə yanaşı, eyni zamanda xarici ölkələrdə də təhsil almaq imkanında olmalıdır. Bunun üçün şagirdlər, ilk növbədə, xarici dil bilməli və dəqiq elmləri yaxşı öyrənməlidirlər. Ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müasir tədris imkanları olan məktəb binaları istifadəyə verilir, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları artırılır, öz fəaliyyəti ilə fərqlənən müəllimlərin əməyi qiymətləndirilir. Şahtaxtı kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılmış, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 müəllim isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri demişdir: Ötən tədris ilində məktəbin məzunlarından 7-si ali məktəblərə, doqquzuncu sinif bazasından isə 4 şagird orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplamışdır.
Ali Məclisin Sədri demişdir: Şahtaxtı kənd tam orta məktəbi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Məktəb muxtar respublikanın xüsusi təhsil müəssisələrindəndir. Ona görə də məktəbdə bundan sonra da tədris günün tələbləri səviyyəsində qurulmalı, nizam-intizama ciddi əməl olunmalı, nailiyyətlər daha da artırılmalıdır. Məktəbdə şagirdləri həkim peşəsinə yönləndirməli, onların gələcəkdə tibb təhsili almasına xüsusi diqqət yetirilməlidir. Məktəb binasında dəqiq elmlərin tədrisi üçün yaradılan şərait, kimya, biologiya və fizika laboratoriyalarının istifadəyə verilməsi, ixtisaslı müəllimlərin olması bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradır.
Gənc müəllim Nilufər Rzayeva kollektiv adından minnətdarlıq edərək demişdir: Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində yaradılan şərait müəllim kollektivini, xüsusilə gənc müəllimləri daha səylə çalışmağa ruhlandırır. Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, məktəbimizdə ölkəmiz üçün savadlı, vətənpərvər, ən əsası isə gələcəyin həkimi olan gənclər yetişdirək.
Məktəbdəki şahmat otaqları, müasir idman zalı və hərbi kabinə şagirdlərin əqli və fiziki cəhətdən inkişafında, hərbi-vətənpərvərlik tərbiyələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti