Təbiətin keşiyində durmaq, onu qorumaq hər kəsin müqəddəs borcudur. Bu gün muxtar respublikada ətraf mühitin mühafizəsi, insanların sağlam ekoloji mühitdə yaşaması və yaşıllıqların genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Hər il muxtar respublikada yüz hektarlarla yeni yaşıllıq zolaqları, meyvə bağları salınır. Bu tədbirlər ekoloji tarazlığı qorumaqla yanaşı, həm də meyvəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir.
Noyabrın 26-da Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik keçirilmiş, müxtəlif meyvə və üzüm tingləri əkilmiş, meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı 14 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. Ötən iməciliklər dövründə ərazidə 10 minə yaxın müxtəlif meyvə, eləcə də üzüm tingləri əkilmişdir. Hər il bağdan bol məhsul götürülür. Payız iməcilikləri dövründə meyvə bağında 1400 üzüm tingi əkilmişdir. İməcilik iştirakçıları meyvə bağına aqrotexniki qulluq göstərmiş, ərazidə bərpa əkini aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, gələcəkdə ərazidə üzüm əkininin davam etdirilməsi barədə tapşırıq vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti