Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq.
Sonra Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn çıxış ediblər.
AZƏRTAC