10 Yanvar 2025, Cümə

Şərur rayonunun Arbatan kəndində kompleks quruculuq işləri aparılıb

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri aparılır. Yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır.

Əvvəlki illərdə olduğu kimi, bu il də muxtar respublikada kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir, yollar çəkilir, insanların rahat yaşayışı və məşğulluğu təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun Arbatan kəndini də əhatə etmişdir. 

Arbatan kənd avtomobil yolu yenidən qurulmuşdur 

Noyabrın 15-də Şərur rayonunun Arbatan kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur. 

Məlumat verilmişdir ki, əvvəllər kənd yolu lazımi mühəndis-texniki tələblərə cavab vermirdi. Bu da əhalinin və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradırdı. Quruculuq işləri aparılarkən 7 kilometr uzunluğunda avtomobil yolu genişləndirilərək asfalt örtük salınmışdır. 3800 metr kənddaxili yollar da yenidən qurulmuşdur. Tikinti işləri aparılarkən yolun üzərinə 104 su keçidi qoyulmuş, 2360 metr beton kanal çəkilmişdir.

 Arbatan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Təhsilə qayğı ölkənin gələcəyinə qayğıdır. Muxtar respublikada bu amil əsas götürülərək yeni təhsil infrastrukturu yaradılır, hər il onlarla məktəb binası tikilir.
Noyabrın 15-də Arbatan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva çıxış edərək demişdir ki, muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndlərində yeni yollar, səhiyyə, mədəniyyət, təhsil müəssisələri inşa olunur. Məktəblər ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur. Yaradılan bu şəraitdən Arbatan kəndinə də böyük pay düşmüşdür. Kənd məktəbində yaradılan şərait həm müəllimlərin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularını reallaşdırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Arbatan kənd tam orta məktəbi üçün binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Çünki təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün Arbatan kəndində müasir məktəbin istifadəyə verilməsi də ölkəmizdə təhsilə göstərilən qayğının nəticəsidir. Məktəb binası kənddə təhsilin inkişafı ilə yanaşı, həm də ölkəmizin gələcəyinin hazırlanmasına töhfə verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Arbatan kənd tam orta məktəbi müasir tədrisin tələblərinə cavab verir. Məktəbdə elektron lövhəli siniflər, kompüter otağı, şahmat otağı, müasir tədris avadanlıqları və dərs ləvazimatları şagirdlərin istifadəsinə verilmişdir. Məktəb işi ilə həm dövlət, həm də cəmiyyət məşğul olmalıdır. Dövlət tərəfindən məktəbdə lazımi şərait yaradılmışdır. Bunlardan səmərəli istifadə etmək isə kollektivin üzərinə düşən vəzifədir.
“Hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər Azərbaycan xalqının milli sərvətidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün hər bir şagirdə ölkəmizin gələcəyi kimi baxmalıyıq. Çünki yeraltı və yerüstü sərvətlər insan kapitalı olmadan heç bir dəyərə malik deyil. İnsan kapitalı isə məktəblərdə formalaşdırılır. Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Gənclər isə bilməlidirlər ki, onlar bu gələcəyin təminatçılarıdır. Ona görə də müəllimlər öz işlərinə məsuliyyətlə yanaşmalı, tədrisin səviyyəsi daim yüksəldilməli, intellektli və vətənpərvər gənclər yetişdirilməlidir. Gənclər isə yaradılan şəraitdən istifadə edərək hərtərəfli təhsil almalı, peşə öyrənməlidirlər. Arbatan kənd tam orta məktəbinin nailiyyətləri qənaətləndiricidir. Bu da onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam var, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Ötən il ali məktəblərə qəbulda Arbatan kənd tam orta məktəbinin göstəricisi həm kəmiyyət, həm də keyfiyyət baxımından muxtar respublikanın orta göstəricisindən yüksək olmuşdur.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamış, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
234 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Təhsil ocağı müasir tədrisin tələblərinə uyğun qurulmuş, binada 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, idman zalı və bufet istifadəyə verilmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində zəngin kitabxana fondu yaradılır. Arbatan kənd kitabxanasında da 1381 dərslik və 2709 bədii ədəbiyyat olmaqla, 4090 kitab vardır.
Elektron lövhəli siniflərin yaradılması, sürətli internetə çıxış imkanının təmin olunması və kompüter otağında 19 kompüterin quraşdırılması məktəbdə distant tədrisin tətbiqinə, eləcə də şagirdlərin informasiya texnologiyalarından tədrisyönümlü istifadəsinə imkan verir. Elektron lövhəli sinifdə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi ilə əlaqə yaradılmış, muxtar respublikanın ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərs keçirilmişdir.
Baxış zamanı məlumat verilmişdir ki, muxtar respublikada məktəbəhazırlıq qruplarının yaradılması diqqət mərkəzində saxlanılır. Arbatan kənd tam orta məktəbində yaradılmış məktəbəhazırlıq qrupuna 10 uşaq cəlb olunmuşdur.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Müəllimlər ölkənin gələcəyini hazırlayır. Ona görə də ulu öndəri­miz müəllim əməyini daim yüksək qiymətləndirirdi. Bu gün ölkəmizdə müəllimlərə hərtərəfli qayğı göstərilir, müasir məktəb binaları tikilir, onların əmək haqları artırılır, dövlət mükafatları ilə təltif olunurlar. Arbatan kənd tam orta məktəbində yaxşı kollektiv vardır. Müəllimlər bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və dünyagörüşlü gənclər yetişdirməlidirlər.
Müəllim Gülyaz Nəbiyeva məktəbdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyini bildirmiş, göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmişdir.

Arbatanda yeni kənd mərkəzi inşa olunmuşdur 

Noyabrın 15-də Arbatan Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ikimərtəbəli binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, polis sahə məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi, statistika otağı, feldşer-mama məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd bələdiyyəsi, klub və 44 yerlik iclas zalı yerləşir.
Ali Məclisin Sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanmış, müvafiq tapşı­rıqlar vermişdir.
Kənd kitabxanasının fondunda Azərbaycan yazıçı və şairlərinin, o cümlədən dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 6 mindən çox bədii ədəbiyyat vardır. Rabitə evində poçt bölməsi fəaliyyət göstərir. Burada 384 yerlik ATS quraşdırılmış, kəndə 2100 metr fiber-optik xətt çəkilmiş, genişzolaqlı internetdən istifadə imkanı yaradılmış, poçt bölməsində itmiş əşyaların sahiblərinə qaytarılması xidməti təşkil olunmuşdur. Yeni Azərbaycan Partiyası Arbatan kənd ərazi ilk təşkilatının 101 üzvü vardır ki, onlardan da 39-u gənclər, 17-si isə qadınlardır.
Ali Məclisin Sədri Arbatan kəndində insanların yaşayışı ilə maraqlanmışdır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sadıq Ələkbərov məlumat vermişdir ki, kənd sakinləri əsasən əkinçilik və maldarlıqla məşğul olur. Göstərilən dövlət qayğısı təsərrüfatların ilbəil genişlənməsinə səbəb olmuşdur. Yaradılan şərait kənddə məskunlaşmanı artırmışdır. Bu il Arbatan kəndində 3 yeni fərdi ev tikilmişdir. 3 fərdi evin tikintisi isə davam etdirilir.
Feldşer-mama məntəqəsi müdir, mama və manipulyasiya otaqlarından ibarətdir. Məntəqə müvafiq tibbi avadanlıqlar, dərman preparatları, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.

Xidmət mərkəzi fəaliyyətə başlamışdır 

Noyabrın 15-də Arbatan kənd xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən xidmət sahələri üzrə 6 nəfər işlə təmin olunmuşdur. Dərzi, kişi və qadın saç ustaları Şərur Texniki Peşə və Sürücülük Məktəbində təhsil alaraq müvafiq peşələrə yiyələnmişlər.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri demişdir: Bu gün Arbatan müasir Azərbaycan kəndlərinin sırasına daxil oldu. Kənddə insanların rahat yaşaması və təsərrüfatla məşğul olması üçün lazımi şərait yaradılmışdır. Kənd yolları yenidən qurulmuş, yeni məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi istifadəyə verilmiş, dayanıqlı rabitə xidmətindən, sürətli internetdən istifadə imkanları yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin, eyni zamanda ölkəmizdəki inkişafın və sabitliyin nəticəsidir. Arbatan kəndinin sakinləri zəhmətkeş insanlardır. Sakinlər dövlətimiz tərəfindən yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qoruyub saxlamalı, təsərrüfatları daha da genişləndirməli, ölkə­mizin inkişafında pay sahibi olmalıdırlar.
Kənd sakini Səməddin Nağıyev minnətdarlıq edərək demişdir: Arbatanda yaradılan şərait sakinlərin sevincinə səbəb olmuşdur. Yaşadığımız kəndlə şəhər arasında fərq yoxdur. Tikilənlər, qurulanlar ölkəmizdə insanlara göstərilən qayğının daha bir ifadəsidir. Torpaqları əkir, bol məhsul istehsal edirik. Məhsulumuzun isə bazarı vardır. Bütün bunlar isə kənd sakinlərinin rifahının yaxşılaşmasına, onların öz yurd-yuvalarına daha sıx bağlanmasına səbəb olmuşdur.

* * *

Arbatan kəndində abadlıq işləri də aparılmış, 8 min metrə yaxın rabitə xətti çəkilmiş, 2500 metr elektrik xətti yenilənmişdir. Kənddə istifadəyə verilən yeni sosial obyektlərə qaz xətti çəkilmiş, 4600 metrlik müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılmışdır. Quruculuq işləri aparılarkən kəndin içməli su problemi də həll olunmuş, 2400 metr içməli su xətti çəkilmişdir. Suvarma tədbirləri də yaxşılaşdırılmış, 600 metr kanal lildən təmizlənmiş, 14 sutənzimləyici quraşdırılmışdır. Arbatan kənd futbol meydançası da yenidən qurulmuşdur. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR