Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırlayıb. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirib.
Vençay Janq 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğulayıb.
AZƏRTAC