Noyabrın 11-də Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş, sakinləri təbrik edərək demişdir: Hər bir yaşayış məntəqəsinin inkişafında müasir yol infrastrukturunun yaradılması vacib məsələdir. Çünki harada yol abaddırsa, orada həyat rahatdır. Bu gün yaşayış məntəqələrində insanlar avtomobildən istifadə edir. Bunun üçünsə, ilk növbədə, rahat yol olmalıdır. Bu amili nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev 2014-cü il avqustun 27-də müvafiq Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycanın ən böyük kəndlərindən biri olan Nehrəm kəndinin yolları yenidən quruldu. Yolun birinci hissəsinin açılışı 2015-ci il dekabrın 1-də həyata keçirildi. Bu gün isə yolun ikinci hissəsi istifadəyə verilir.
Ali Məclisin Sədri demişdir: Yoldan səmərəli istifadə etmək, onu qorumaq bundan sonra sakinlərin üzərinə düşən vəzifədir. Nehrəm kəndində yolun yenidən qurulması ilə yanaşı, ibadət yerləri və digər sosial obyektlər istifadəyə verilmiş, torpaq sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Hazırda kənddə yeni su və kanalizasiya sistemləri çəkilir. Bütün bu tədbirlərin həyata keçirilməsi Nehrəmdə insanların rahat yaşamasına xidmət edir.
Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Nehrəm bələdiyyəsinin sədri Tofiq Abutalıbov çıxış edərək demişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi muxtar respublikanın bütün yaşayış məntəqələrini inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu inkişafdan Nehrəm kəndinə də pay düşmüşdür. Artıq Nehrəm tarixinin yeni inkişaf dövrünü yaşayır. Son illər kənddə geniş abadlıq-quruculuq işləri aparılmış, xəstəxana binası, 3 tam orta məktəb, kənd mərkəzi, uşaq musiqi məktəbi, ticarət mərkəzi və digər sosial obyektlər istifadəyə verilmişdir. Kənd tamamilə qazlaşdırılmış, dayanıqlı elektrik enerjisi və müasir rabitə sistemi ilə təmin olunmuş, qapalı suvarma şəbəkəsi qurulmuşdur. Yolun yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır. Tofiq Abutalıbov həyata keçirilən tədbirlərə görə Nehrəm kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonra Ali Məclisin Sədri yolda görülən işlərlə maraqlanmışdır. Bildirilmişdir ki, 31 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsinin uzunluğu 9,6 kilometrdir. Tikinti işləri zamanı yol yatağı genişləndirilərək yeni asfalt örtük verilmiş, 26 su keçidi qoyulmuş, 5,5 kilometrlik Nehrəm kənddaxili avtomobil yolu yenidən qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti