Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Səhmləri dövlətə məxsus “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.
2. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (Əlavə 1).
3. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilsin (Əlavə 2).
4. Müəyyən edilsin ki,
4.1. Cəmiyyət Naxçıvan Muxtar Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir;
4.2. Cəmiyyətdə idarə heyəti və təftiş komissiyası yaradılır;
4.3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:
4.3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:
4.3.1.1. Cəmiyyətin Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
4.3.1.2. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.3.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
4.3.2. Cəmiyyətin Nizamnaməsində, o cümlədən nizamnamə kapitalının miqdarında dəyişiklik edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təkliflər verilməsi, ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğinin, habelə həmin kreditlər üzrə illik faiz dərəcələrinin təsdiq edilməsi, bu Fərmanın 4.3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
5.1. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə razılaşdıraraq təsdiq etsin;
5.2. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımbəndinə uyğun olaraq, borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması qaydasını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə razılaşdırmaqla müəyyən etsin;
5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı ipoteka kreditləri üçün vəsaitin proqnozlaşdırılmasını təmin etsin.
7. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 7 noyabr 2016-cı il
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Əlavə 1
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin
N İ Z A M N A M Ə S İ
1. Ümumi müddəalar
1.1. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və muxtar respublikada ipoteka kreditləşməsinin tənzimlənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli 41-V FR nömrəli Fərmanına əsasən yaradılmışdır.
1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
1.3. Cəmiyyətin rəsmi adı belədir:
1.3.1. tam halda – “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti;
1.3.2. qısaldılmış halda –“NİF” ASC.
1.4. Cəmiyyətin hüquqi ünvanı: Naxçıvan şəhəri.
1.5. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, üzərində Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanka, firma işarəsinə (emblemə) malikdir. Cəmiyyətin bankda manatla və xarici valyuta ilə hesablaşma hesabı açmaq hüququ vardır.
2.2. Cəmiyyətin dövlət mülkiyyətində olan ayrıca əmlakı vardır.
2.3. Cəmiyyət məhkəmədə iddiaçı, cavabdeh, üçüncü şəxs qismində çıxış etmək hüququna malikdir.
3. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri
3.1. Cəmiyyətin əsas məqsədi Naxçıvan Muxtar Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaqdan, ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirməkdən ibarətdir. Cəmiyyət əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.
3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.2.1. ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
3.2.2. ipoteka kreditləri üzrə zəmanətlər verir;
3.2.3. ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsini təmin etmək üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
3.2.4. Cəmiyyətin fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;
3.2.5. Cəmiyyətin intellektual mülkiyyətini idarə edir və onun barəsində sərəncam verir;
3.2.6. fəaliyyət istiqamətlərinə uyğun sahələrdə hüquqi və fiziki şəxslər ilə əməkdaşlıq edir;
3.2.7. ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya və digər xidmətləri, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramlarını həyata keçirir;
3.2.8. əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün tədbirlər görür, kənar ekspertləri cəlb edir;
3.2.9. Cəmiyyətə aid olan məsələlər üzrə islahatların aparılmasına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
3.2.10. müvafiq hüquqi aktlarda Cəmiyyətə münasibətdə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsi ilə bağlı tədbirləri həyata keçirir;
3.2.11. aidiyyəti üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunmasını təmin edir və ona riayət olunmasına nəzarət edir.
4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti
4.1. Cəmiyyətin nizamnamə kapitalı, onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin istifadəsinə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.
4.2. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir.
4.3. Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlakdan, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
4.4. Cəmiyyət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Cəmiyyət xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.
4.5. Cəmiyyətin vəsaitindən yalnız bu Nizamnamədə nəzərdə tutulmuş məqsəd və səlahiyyətlərin həyata keçirilməsi üçün istifadə olunur.
4.6. Cəmiyyətin milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində açılan bank hesablarında saxlanılır.
5. Cəmiyyətin idarəetmə orqanları
5.0. Cəmiyyətin aşağıdakı idarəetmə orqanları vardır:
5.0.1. səhmdarların ümumi yığıncağı;
5.0.2. İdarə Heyəti.
6. Səhmdarların ümumi yığıncağı
6.1. Səhmdarların ümumi yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır.
7. İcra orqanı
7.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi və nəzarəti kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir.
7.2. Cəmiyyətin İdarə Heyətinin tərkibi üç üzvdən – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun müavinindən və üçüncü üzvdən ibarətdir.
7.3. İdarə Heyətinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
7.3.1. Cəmiyyətin inkişaf istiqamətlərini, büdcəsini və investisiya proqramını hazırlamaq və təsdiq etmək;
7.3.2. Cəmiyyətin mühasibat balansını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəət və zərərini bölüşdürmək;
7.3.3. Cəmiyyətin Təftiş Komissiyası üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, həmçinin onlar arasından Təftiş Komissiyası sədrinin təyin edilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
7.3.4. Cəmiyyətin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini müəyyənləşdirmək və əməkhaqqı fondunu təsdiq etmək;
7.3.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi və Təftiş Komissiyası tərəfindən təftişinin aparılması barədə qərar vermək;
7.3.6. ipoteka kreditləşməsini həyata keçirmək üçün müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərlə müvafiq müqavilələr bağlanması haqqında qərar qəbul etmək;
7.3.7. Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələri aidiyyəti dövlət orqanlarına təqdim etmək;
7.3.8. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil etmək;
7.3.9. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək;
7.3.10. Cəmiyyətin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında həyata keçirilməsini təmin etmək.
7.4. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledici sayılır.
7.5. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
7.5.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək;
7.5.2. İdarə Heyətinin digər üzvlərinin, habelə Cəmiyyətin digər vəzifəli şəxslərinin kadr, maliyyə və başqa məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirmək və qarşılıqlı fəaliyyətini təşkil etmək;
7.5.3. İdarə Heyətinin fəaliyyətini təşkil etmək və iclaslarına sədrlik etmək;
7.5.4. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin etmək;
7.5.5. Cəmiyyətin ştat cədvəlini təsdiq etmək və struktur bölmələrinin işini təşkil etmək, aparatının struktur bölmələrini müəyyən etmək;
7.5.6. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırmaq;
7.5.7. Cəmiyyətin illik hesabatını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
7.5.8. bu Nizamnamə ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Cəmiyyətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək, işçilərlə əmək müqavilələri bağlamaq və onların fəaliyyətinə rəhbərlik etmək, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək;
7.5.9. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi ilə bağlı tədbirlər görmək;
7.5.10. Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
7.5.11. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər vermək;
7.5.12. etibarnamələr vermək, banklarda hesablaşma hesabı və digər hesablar açmaq, hesabları və tədiyyə tapşırıqlarını imzalamaq;
7.5.13. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
7.5.14. etibarnamə olmadan Cəmiyyət adından hərəkət etmək və üçüncü şəxslərlə münasibətdə Cəmiyyəti təmsil etmək;
7.5.15. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul etmək.
7.6. Cəmiyyətin İdarə Heyətinin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən, İdarə Heyətinin digər üzvləri həyata keçirirlər.
8. Təftiş Komissiyası və daxili audit
8.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək üçün 3 nəfərdən az olmayan tərkibdə Təftiş Komissiyası yaradılır.
8.2. Təftiş Komissiyasının üzvləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təyin və azad edilir. Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddəti 3 ildir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər.
8.3. İdarə Heyətinin üzvü və Cəmiyyətə aidiyyəti olan şəxslər Təftiş Komissiyasının üzvü ola bilməzlər.
8.4. Təftiş Komissiyası öz vəzifələrini qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq yerinə yetirir.
8.5. Təftiş Komissiyası Cəmiyyətin bütün orqanlarından və vəzifəli şəxslərindən Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar sənədlərin təqdim olunmasını tələb edə bilər.
8.6. Təftiş Komissiyası qarşıda duran vəzifələrin həlli məqsədi ilə Cəmiyyətin daxili audit sistemindən istifadə edə bilər.
8.7. Təftiş Komissiyası sədrinin aşağıdakı hüquq və vəzifələri vardır:
8.7.1. Təftiş Komissiyasının iclaslarını çağırmaq və iclaslara sədrlik etmək;
8.7.2. Təftiş Komissiyasının üzvləri arasında vəzifə bölgüsü aparmaq və onlara tapşırıqlar vermək.
8.8. Təftiş Komissiyası üzvlərinin səlahiyyəti onlar arasında aparılmış vəzifə bölgüsü və Təftiş Komissiyası sədrinin tapşırıqları əsasında müəyyən edilir.
8.9. Təftiş Komissiyasının iclasları 3 ayda bir dəfədən az olmayaraq keçirilir. Yaranmış problemlərin həlli üçün iclaslar istənilən vaxt çağırıla bilər.
8.10. Təftiş Komissiyasının iclasları onun üzvləri tam tərkibdə iştirak etdikdə səlahiyyətlidir. Əks halda 10 gündən sonra yeni iclas çağırılır.
8.11. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
8.12. İdarə Heyəti üzvlərinin Təftiş Komissiyasının iclasında iştirak etmək hüququ vardır. İclaslara digər şəxslər də dəvət oluna bilərlər. Onların səsvermə hüququ yoxdur.
8.13. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər.
8.14. Cəmiyyətin daxili auditinin əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.
8.15. Daxili audit xidməti qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirir.
8.16. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri sənədləri onlara təqdim etməyə, öz vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar.
8.17. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditi Cəmiyyətin Təftiş Komissiyasının və ya İdarə Heyəti sədrinin qərarı ilə həyata keçirilir.
9. Cəmiyyətdə uçot və hesabat
9.1. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti hesabat ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
9.2. Cəmiyyət qanunvericiliyə uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
9.3. Cəmiyyət qanunvericiliyə uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.
9.4. Cəmiyyət illik maliyyə hesabatlarını və əməliyyat büdcəsini hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprelin 30-dan gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
9.5. Cəmiyyətin illik hesabatını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
10. Cəmiyyətin yenidən təşkili və ləğvi
Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qəbul edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Əlavə 2
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli
ipoteka kreditinin verilməsi
Q A Y D A S I
1. Ümumi müddəa
Bu Qayda “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra – ipoteka krediti) verilməsinə dair tələbləri, ipoteka kreditinin verilməsi prosedurunu, ipoteka krediti üzrə hüquqların əldə olunmasını və geri alınmasını, habelə ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri müəyyən edir.
2. Əsas anlayışlar
2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. ipoteka krediti – yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;
2.0.2. müvəkkil bank – ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Cəmiyyət ilə müvafiq müqavilə bağlamış bank;
2.0.3. baş saziş – ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan razılaşma;
2.0.4. xidmət müqaviləsi – Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunmuş ipoteka kreditinə xidmət göstərilməsinə dair Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilə;
2.0.5. borcalan – müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı;
2.0.6. ipoteka kreditinin ilkin maliyyələşdirilməsi – Cəmiyyətin müəyyən etdiyi şərtlərlə müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;
2.0.7. ipoteka kreditinin yenidən maliyyələşdirilməsi – müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Cəmiyyət tərəfindən əldə olunması;
2.0.8. Cəmiyyətin kotirovka dərəcəsi – Cəmiyyət tərəfindən tələb hüquqları əldə olunan ipoteka kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.
3. İpoteka kreditinin verilməsinə dair tələblər
3.1. Cəmiyyətin vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:
3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;
3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
3.1.3. kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilir;
3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya tikilməkdə olan fərdi yaşayış sahəsinin alınmasına verilir;
3.1.5. kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Naxçıvan şəhəri, habelə muxtar respublikanın digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan, təmirli, təmirsiz və ya tikilməkdə olan fərdi yaşayış sahələrinin alınmasına verilir;
3.1.6. kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği sosial-iqtisadi vəziyyətin təhlili əsasında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir;
3.1.7. kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur;
3.1.8. güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
3.1.9. güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
3.1.10. ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;
3.1.11. kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır;
3.1.12. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
3.1.13. ipoteka ilə yüklü edilən və ya tikilməkdə olan fərdi yaşayış sahəsini qiymətləndirici qiymətləndirməlidir;
3.1.14. ipotekasaxlayanın hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
3.1.15. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
3.1.16. borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
3.2. Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;
3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
3.2.4. ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış, Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
3.3. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
3.4. Cəmiyyət müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi Cəmiyyətin İdarə Heyəti tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir.
3.5. Kotirovka dərəcəsi barədə məlumatı Cəmiyyət müvəkkil banklara yazılı olaraq göndərir, öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində dərc etdirir.
3.6. Cəmiyyət hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir. Limitin müəyyənləşdirilməsi qaydasını Cəmiyyətin İdarə Heyəti təsdiq edir.
4. İpoteka kreditinin verilməsi proseduru
4.1. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq müvəkkil banklar verir.
4.2. İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır.
4.3. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:
4.3.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
4.3.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
4.3.3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
4.3.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
4.3.5. şəxs fərdi sahibkar olduqda:
1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
4.3.6. şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
4.4. Bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş sənədləri ipoteka krediti almaq istəyən şəxs müvəkkil banka təqdim etməlidir.
4.5. Müvəkkil bank şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün ipoteka krediti almaq istəyən şəxsə bildirilməlidir.
4.6. İpoteka krediti almaq istəyən şəxs, müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı verildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etməlidir.
4.7. Qiymətləndirmə aktı müvəkkil banka təqdim edildikdən sonra müvəkkil bank 5 iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün ipoteka krediti almaq istəyən şəxsə bildirilməlidir.
4.8. Müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar verildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.
4.9. İpoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.6-cı və 4.8-ci bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.6-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən imtina edilir.
4.10. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz.
4.11. İpoteka kreditinin verilməsindən imtina edilmiş şəxsin ipoteka krediti almaq üçün təkrar müraciət etmək hüququ vardır.
5. İpoteka krediti üzrə hüquqların əldə olunması
5.1. İpoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Cəmiyyət və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir.
5.2. Müvəkkil bank verilmiş ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi üçün Cəmiyyətə müraciət edir və tələb olunan sənədlərin surətlərini Cəmiyyətə təqdim edir.
5.3. İpoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi qaydasını, o cümlədən təqdim edilməli sənədlərin siyahısını Cəmiyyətin İdarə Heyəti müəyyən edir.
5.4. Cəmiyyət ipoteka kreditinin bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka ilkin maliyyələşdirmə üzrə qərarını 3 iş günü, yenidən maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir.
5.5. Cəmiyyət ipoteka krediti üzrə hüquqların əldə edilməsinə razılığını bildirdiyi təqdirdə, müvəkkil bank kredit sənədlərinin əsli ilə Cəmiyyətin tanış olmasını təmin edir.
5.6. Yenidən maliyyələşdirilməsinə razılıq verilmiş ipoteka krediti, ipoteka kağızının üzərində qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılaraq, Cəmiyyətə ötürülür.
5.7. Cəmiyyət ipoteka kreditini ipoteka kağızında göstərilən qiymətlə yenidən maliyyələşdirir.
5.8. Müvəkkil bank Cəmiyyət tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydanın 6-cı hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür.
5.9. Tərəflər arasında imzalanmış sənədlər əsasında yaranmış hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra müvəkkil bank baş sazişdə müəyyən olunan sənədləri təhvil-təslim aktı ilə Cəmiyyətə təhvil verir.
5.10. Cəmiyyət ilə müvəkkil bank arasında bağlanan müqavilələrin təsdiq edilməsi və ipotekasaxlayanın hüquqlarının əlavə dövlət qeydiyyatına alınması ilə bağlı xərcləri müvəkkil bank ödəyir.
5.11. Müvəkkil bankların Cəmiyyət qarşısında öhdəliyi onların borcalanlarla münasibətlərindən asılı deyildir. Borcalanların müvəkkil banklar qarşısında öhdəliklərini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil bank Cəmiyyət qarşısında öz öhdəliklərini yerinə yetirməlidir.
6. Müvəkkil bank tərəfindən ipoteka kreditinin geri alınması
6.1. Aşağıdakı hallarda Cəmiyyət müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir:
6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə;
6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.
6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə geri alınmalı ipoteka krediti barədə məlumat əlavə edilir.
6.3. İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli müvəkkil banka qaytarılır.
6.4. Müvəkkil bank Cəmiyyətdən ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır.