Noyabrın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev tədbirə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Şahin Nəbiyev tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Ötən il xidmətin müasir standartlara cavab verən inzibati binası istifadəyə verilmişdir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət rəisi yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Müasir dövrdə dünyada baş verən hadisələr miqrasiya sahəsində, o cümlədən miqrantlarla bağlı problemlərin yaranmasına səbəb olmuşdur. Hər gün dünyanın müxtəlif ölkələrində miqrasiya prosesləri və miqrantlarla bağlı problemlər müşahidə olunur. Bu səbəbdən də ölkəmizdə miqrasiya məsələləri diqqətdə saxlanılır, müvafiq tədbirlər həyata keçirilir. Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə miqrasiya sahəsində fəaliyyətin təşkili ilə bağlı qanunlar qəbul olunmuşdur. Miqrantlara hörmətlə yanaşılması və insan hüquqlarının qorunması miqrasiya sahəsindəki qanunvericiliyin əsas tələbləridir. Muxtar respublikada miqrasiya sahəsində həyata keçirilən tədbirlər, eləcə də Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinin idarə olunması Azərbaycan Respublikasının bu sahə üzrə qanunları və normativ hüquqi aktları ilə tənzimlənir. Miqrantlar mərkəzdə könüllü və məcburi formada yerləşdirilirlər. Vətəndaşlıq və ya müvəqqəti yaşamaq hüququ verildiyi zaman, eləcə də ölkədən kənara çıxarılma üçün müəyyən edilmiş müddətdə miqrantlar mərkəzdə saxlanılır. Bu zaman könüllü yerləşdirilən miqrantlar mərkəzdə qeydiyyata alınmalı, məcburi yerləşdirilən miqrantlara Azərbaycan Respublikasının qanunları izah olunmalı, onlarla qanunvericiliyin tələbləri və insani münasibətlər çərçivəsində rəftar edilməlidir.
Mərkəzdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirən Ali Məclisin Sədri demişdir: Muxtar respublikada miqrantlarla bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Miqrantlara Azərbaycan Respublikasının qanunları izah edilir, onlar tarixi yerlərə və muzeylərə aparılır, tariximiz, mədəniyyətimiz və milli dəyərlərimiz haqqında məlumat verilir. Həyata keçirilən bu tədbirlər gələcəkdə də davam etdirilməli, mərkəzdə miqrantların saxlanılması ilə yanaşı, onların reabilitasiyası və maarifləndirilməsinə də diqqət artırılmalıdır. Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzində bundan sonra da miqrantlarla iş Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilməli, yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır.
Ali Məclisin Sədri kollektivə gələcək işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, bina zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarətdir. Miqrantların məcburi və könüllü yerləşdirilmələri üçün mərkəzdə lazımi şərait yaradılmışdır. Binada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, karantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilmişdir. Mərkəzdə Azərbaycan Respublikasının qanunları, miqrantların idarə olunması ilə bağlı qaydalar, eləcə də tariximiz, mədəniyyətimiz və milli dəyərlərimiz haqqında Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitablar qoyulmuşdur.
Binanın həyətində də abadlıq işləri aparılmış, idman meydançası yaradılmış, yaşıllıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti