Muxtar respublikada müasir kənd infrastrukturu yaradılır, ən ucqar dağ və sərhəd kəndlərində də geniş abadlıq-quruculuq işləri aparılır. Kəndlərdə müasir tədris imkanları olan məktəb binalarının və sosial obyektlərin istifadəyə verilməsi, dayanıqlı elektrik enerjisi və təbii qaz təminatı, rabitə xidmətinin göstərilməsi və sürətli internetə çıxış imkanlarının yaradılması insanların rahat yaşayışının təmin olunmasına imkan verib.
Müstəqilliyimizin bəhrəsi olan bu tədbirlər son illər Ordubad rayonunda da uğurla həyata keçirilmiş, kəndlər müasir görkəm almışdır.
Baş Dizə kənd tam orta məktəbi üçün yeni bina tikilib
Oktyabrın 28-də Baş Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Baş Dizə kənd tam orta məktəbinin direktoru Şükür Həsənov çıxış edərək demişdir ki, Ordubad rayon Baş Dizə kəndində geniş quruculuq işlərinin aparılması kəndi müasir yaşayış məntəqəsinə çevirib. Kəndimizdə hər cür şəraitə malik müasirtipli məktəb binası inşa olunmuşdur. Artıq kənd sakinlərinin bütün çətinliklərinə son qoyulub. Şagirdlər müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsinin Baş Dizə kəndinin həyatında əlamətdar hadisə olduğunu bildirmiş, bu münasibətlə sakinləri və kollektivi təbrik edərək demişdir: Oktyabrın 18-də ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olundu. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət müstəqilliyini qorumaq onu əldə etməkdən qat-qat çətindir”. Ötən dövrdə ölkəmizdə həyata keçirilən tədbirlər, ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqilliyimiz daha da möhkəmlənmiş, Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
Ali Məclisin Sədri demişdir: Hər bir ölkənin gələcəyi məktəbdə hazırlanır. Ulu öndərimiz deyirdi ki, “Təhsil alan hər bir gənc ölkəmizin gələcəyidir”. Bu səbəbdən də ölkəmizdə təhsilin inkişafına, məktəb tikintisinə xüsusi diqqət yetirilir, müasir tədris şəraiti yaradılır. Həyata keçirilən tədbirlər imkan verir ki, ölkəmizin bütün bölgələrində gənclər hərtərəfli təhsil alsın, vətənpərvər böyüsün, özlərini müstəqil Azərbaycanın gələcəyinə hazırlasınlar. Baş Dizə kənd tam orta məktəbi də müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Hər bir peşə sahəsinin öz tələbi vardır. İnşaatçılar üzərlərinə düşən vəzifələri yerinə yetirmiş, məktəb binasında tikinti işləri keyfiyyətlə aparılmışdır. Yaradılan şəraitdən səmərəli istifadə edərək şagirdlərə hərtərəfli təhsil vermək, vətənpərvər və dünyagörüşlü gənclər böyütmək, ölkəmizin gələcəyini hazırlamaq isə məktəb kollektivinin qarşısında duran vəzifədir.
Ali Məclisin Sədri məktəb binasının tikintisində əməyi olanlara təşəkkür edərək demişdir: Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin daha da inkişafı üçün gənclərin hazırlanmasına xüsusi diqqət yetirməliyik. Hər bir gəncə təhsil verməklə yanaşı, həm də peşə öyrədilməlidir. Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında gənclərin peşə, orta, orta ixtisas və ali təhsil alması üçün hər cür şərait yaradılmışdır. Bundan başqa, təhsildə fərqlənən gənclər xarici ölkələrdə ali təhsil almağa göndərilir. Ona görə də məktəbin kollektivi müasir tədris avadanlıqlarından istifadə edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməli, məktəbdə tədrisin səviyyəsi yüksəldilməlidir.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin daha da artırılacağına və təhsil ocağının muxtar respublikanın qabaqcıl məktəbləri sırasına qoşulacağına əminliyini bildirmiş, bir daha kollektivi təbrik etmişdir.
Məlumat verilmişdir ki, 156 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbdə 13 kompüter quraşdırılmış və internetə qoşulmuş, kitabxana fondunda 3 mindən çox kitab şagirdlərin istifadəsinə verilmişdir.
Baxış zamanı Ali Məclisin Sədri kitabxanalardan istifadənin tədris prosesindəki əhəmiyyətini qeyd etmiş, kitabxana işinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Hərbi kabinədə lazımi şərait yaradılmışdır. Geniş və işıqlı idman zalı isə fiziki tərbiyə dərslərinin tədris proqramına uyğun keçirilməsinə və şagirdlərin fiziki hazırlıqlarının artırılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri kimya-biologiya və fizika laboratoriyalarında olmuş, bu fənləri tədris edən müəllimlərin təkmilləşdirilmə kurslarında iştirakının vacibliyini bildirmişdir.
Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə əlaqə yaradılaraq 209 təhsil müəssisəsinin iştirakı ilə distant dərs keçirilmişdir.
Ali Məclisin Sədri müəllimlərlə görüşmüş, onları təbrik edərək demişdir: Gənclər ölkəmizin gələcək inkişafının təminatçılarıdır. Ona görə də gənclərə peşə öyrədilməsi, vətənpərvər yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Məktəbdə şagirdlərin fərdi hazırlığına diqqət yetirilməli, hər bir şagird yaxşı təhsil almaqla yanaşı, həm də gələcəkdə peşə sahibi olmalıdır. Çünki bu gün peşə öyrənən və vətənpərvər böyüyən hər bir gənc gələcəkdə dövləti üçün yararlı vətəndaş olacaqdır.
Gənc müəllim Aliyə Əliyeva minnətdarlıq edərək demişdir: Ölkəmizdə ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi digər sahələrlə yanaşı, təhsilin inkişafına da səbəb olmuşdur. Bu gün muxtar respublikada gənc müəllimlərin fəaliyyəti üçün lazımi şərait vardır. Mən Culfa rayonunun Bənəniyar kənd sakiniyəm. Keçirilən təhsil yarmarkasında Baş Dizə kənd tam orta məktəbinə təyinat almışam. Məktəbdə ingilis dili fənnini tədris edirəm. Dövlətimiz tərəfindən fəaliyyətim üçün bütün şərait yaradılıb. Müasir məktəb binasının istifadəyə verilməsi də bu qayğının daha bir ifadəsidir. Pedaqoji kollektiv bundan sonra da Ali Məclis Sədrinin “Məktəb bizim evimizdir” fikirlərini əsas götürərək tədrisin səviyyəsini yüksəldəcək, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəkdir.
Baş Dizə Kənd Mərkəzi istifadəyə verilib
Oktyabrın 28-də Baş Dizədə kənd mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada dövlət qurumları üçün yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, mərkəzdə rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün otaqlar, 40 yerlik iclas zalı yerləşir.
Kənd mərkəzində baytarlıq məntəqəsinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, dərman preparatları qoyulmuşdur. Baytarlıq məntəqəsi kənddə yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktiki tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəlil Fərəcov demişdir ki, Baş Dizə kəndində insanların əsas məşğuliyyət sahəsi bağçılıq, heyvandarlıq və arıçılıqdır. Kənd sakinləri güzəştli şərtlərlə kreditlər götürərək öz təsərrüfatlarını genişləndirirlər. Son illər götürülən kreditlər hesabına kənddə 20 hektardan artıq meyvə bağı salınmış, iri və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayı artırılmışdır.
Kitabxana fondunda 7655 kitab vardır. Onlardan 1727 ədədi latın, 5928 ədədi isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Hazırda kitabxanada 102 oxucu qeydiyyatdadır.
Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Baş Dizə kəndində mühüm tədbirlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, elektron avtomat telefon stansiyası quraşdırılmışdır. Kəndə fiber-optik xətt çəkilmiş, sürətli internetə çıxış imkanı yaradılmışdır.
Yeni Azərbaycan Partiyası Baş Dizə kənd ərazi ilk təşkilatının sədri Tural Tağıyev demişdir ki, kənddə 117 partiya üzvü vardır. Onlardan 55-i qadınlar, 43-ü isə gənclərdir. Partiya üzvləri kəndin abadlaşmasında bundan sonra da səylərini artıracaqlar.
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Oktyabrın 28-də Baş Dizə kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, xidmət sahələrində yaradılan şəraitlə tanış olmuşdur.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Mağazada yerli istehsala üstünlük verilir, kənddə yetişdirilən meyvələrin və hazırlanan müxtəlif ərzaq məhsullarının satışı həyata keçirilir. Mərkəzdə 6 nəfər işlə təmin olunub. Bildirilmişdir ki, xidmət mərkəzində yeni işlə təmin olunan bərbər, qadın saç ustası və dərzi Ordubad Texniki Peşə və Sürücülük Məktəbində təhsil alaraq müvafiq peşələrə yiyələnmişlər.
Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.
Ali Məclisin Sədri Baş Dizə kəndinin abad yaşayış məntəqələri sırasına daxil olduğunu bildirərək demişdir: Kənddə aparılan quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Baş Dizə kəndində sosial problemlər həll olunub. İnsanların ölkəmizdə həyata keçirilən siyasi xəttə sədaqət göstərməsi, xalq-dövlət birliyi inkişafın əsas səbəbidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kənd daha da abadlaşdırılmalıdır.
Kənd ağsaqqalı Heydər Fərəcov sakinlər adından minnətdarlıq edərək demişdir: Bu gün muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Ordubad rayonunda da geniş quruculuq işləri aparılır. Sakinlərin rifahı yüksəlmişdir. Baş Dizə kəndində aparılan quruculuq işləri onun simasını dəyişmişdir. Kənd müasirləşmiş, şəhər görkəmi almışdır. Yüksək rifah və sabitlik şəraitində yaşayırıq. Ölkəmizin inkişafını ən ucqar dağ kəndinin sakinləri də öz həyatlarında hiss edirlər. Bütün bu işlərlə, müstəqil dövlətimizlə qürur duyuruq. Ona görə də yaradılan abadlığı, əldə olunan inkişafı daim qoruyacaq, təsərrüfatlarımızı genişləndirəcək, ölkəmizin inkişafında pay sahibi olacağıq.
Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev rayonda həyata keçirilən quruculuq işlərinə görə sakinlər və partiya üzvləri adından minnətdarlıq etmişdir.
* * *
Baş Dizə kəndində aparılan quruculuq işləri zamanı kənddaxili avtomobil yolları da yenidən qurulmuş, 2100 metr yola asfalt örtük salınmış, 55 su keçidi qoyulmuş, 561 metr beton kanal çəkilmişdir. Yolun üzərindəki körpü təmir edilmiş, istinad divarı tikilmişdir. Kənddə rabitə, elektrik və qaz xətləri də yenilənmiş, 620 metr fiber-optik kabel, 1135 metr müxtəlif tutumlu rabitə xətti, 600 metr elektrik xətti çəkilmiş, 6 kilometr müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti