Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini qəbul edib.
Pule İsaak Malefane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd edib.
Artıq bir neçə ildir, Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğulayıb.
Səfir Pule İsaak Malefane ölkələrimiz arasında mövcud əlaqələrin gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
AZƏRTAC