Oktyabrın 25-də Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Ötən dövrdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf etmiş, dövlət müstəqilliyimiz möhkəmlənmiş, ölkəmiz dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur. Bütün bunlar 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışının və bu gün ölkə Prezidenti tərəfindən ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq olunur, müasir cəmiyyət qurulur. Yeni texnologiyaların tətbiqi isə dünyaya inteqrasiya deməkdir. Birləşmiş Millətlər Təşkilatının son hesabatında qeyd olunur ki, dünya əhalisinin 60 faizinin internetə çıxış imkanı məhduddur. Lakin bu gün muxtar respublikanın bütün ərazisi internetlə təmin olunmuşdur.
Ali Məclisin Sədri demişdir: Ölkənin inkişafı onun öz təhlükəsizliyini təmin etməsindən başlayır. Ölkənin təhlükəsizliyinin təmin olunması isə yalnız ordu yaratmaq və sərhədləri qorumaqla deyil, həm də ərzaq, enerji və telekommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Naxçıvanda yeni mobil rabitə sisteminin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan Muxtar Respublikası telekommunikasiya blokadasını yararaq dünya rabitə sisteminə inteqrasiya olunmuşdur. Ona görə də fasiləsiz və keyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi, mobil rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması qarşıda duran əsas vəzifədir.
Ali Məclisin Sədri demişdir: Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünki dayanıqlı rabitə və internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi muxtar respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcəkdir. Müasir mobil rabitə sisteminin imkanlarından səmərəli istifadə etmək və keyfiyyətli xidmət göstərmək isə bu sahə üzrə mütəxəssislərin hazırlanmasını zəruri edir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu məsələni diqqətdə saxlamalı, mütəxəssislər hazırlanmalıdır.
Qeyd olunmuşdur ki, dünyada baş verən texnoloji yeniliklərlə, inkişafla ayaqlaşmaq qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, yeni mobil rabitə sisteminin yaradılması üçün vəsait ayrılmış, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında müqavilə bağlanaraq 4-cü nəsil mobil rabitə sistemi qurulmuşdur. Bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərində təhsil alan şagirdlər sürətli internetdən istifadə edirlər. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi mobil internet xidmətindən istifadəyə də geniş imkanlar açacaqdır.
Ali Məclisin Sədri mobil rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmişdir.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək demişdir ki, müstəqillik illərində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də nailiyyətlər əldə olunmuşdur. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Sakinlər müasir rəqəmsal xidmətlərdən istifadə edir. Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə sisteminin istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov demişdir ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırmışdır. Mövcud potensialdan səmərəli istifadə bu sahədə də sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması sahəsində görülən işlərin davamıdır.
Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu operator şəbəkələri üzrə biznes qrupunun prezidenti Zhang Dongliang demişdir ki, 2002-ci ildən etibarən “Huawei” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi arasında səmərəli tərəfdaşlıq qurulmuşdur. Ötən dövrdə Naxçıvan Dövlət Universitetində müasir tədris sistemi qurulmuş, muxtar respublika ərazisində GSM və LTE şəbəkəsinin quraşdırılması başa çatdırılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirən Zhang Dongliang muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirmiş, “Huawei” şirkəti ilə əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
“Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Vahid Mürsəliyev çıxış edərək demişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında rabitə və yeni texnologiyalar sistemi mühüm yer tutur. Naxçıvanda mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Yeni mobil rabitə şəbəkəsi yüksək texniki göstəricilərə malikdir. “Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə yeni rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması sahəsində əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.
Tədbirdə “Türk Telekom”un Türkiyə və Qafqaz üzrə satış direktoru Armağan Qaraege, Türkiyə Respublikasının “Akgün Yazılım” şirkətinin idarə heyətinin sədri Təməl Akgün və “İ2İ” şirkətinin baş icraçı direktoru Ayhan Kapusuz çıxış etmişlər. Qeyd olunmuşdur ki, rabitə və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər hər bir ölkənin inkişafının göstəricisidir. Qardaş ölkə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də bu sahədəki inkişafın daha bir ifadəsidir. Çıxış edənlər yeni mobil rabitə şəbəkəsi qurularkən ən müasir texniki yeniliklərin tətbiq olunduğunu diqqətə çatdırmış, əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra Ali Məclisin Sədri rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara hədiyyələr təqdim etmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, rabitə şəbəkəsinin müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda vətəndaşların mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur. Abonentlər mobil telefonlardan “299” nömrəsini yığaraq sorğu xidmətindəki operatorlarla əlaqə saxlamaq imkanına da malikdirlər. Həmçinin naxtel.az internet saytına daxil olmaqla göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq və balansı artırmaq mümkündür.
98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. Mobil rabitə şəbəkəsində 800, 900 və 1800 meqahers tezlik diapazonlarının hər üçündən istifadə olunur. Türkiyə Respublikasının “Akgün Yazılım”, “İ2İ” və “Etiya” şirkətləri ilə bağlanmış müqavilələr əsasında mobil rabitənin müstəqil qeydiyyat və hesabat sistemi yaradılmışdır. Bunun üçün əsas, ehtiyat serverlər və digər avadanlıqlar alınaraq qurulmuş, 13 modul, müxtəlif bazalar, elektron qeydiyyat və ödəniş sistemləri ilə əlaqəli işləri özündə birləşdirən irihəcmli proqram təminatları hazırlanmışdır. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.
Ali Məclisin Sədri mərkəzi idarəetmə otağında 4-cü nəsil mobil rabitə şəbəkəsini işə salmışdır.
Sonra “Huawei” şirkətinin böyük vitse-prezidenti xanım Ami Linin videogörüntü vasitəsilə təbrikləri təqdim olunmuş, Əlincə kəndindəki baza stansiyası ilə birbaşa videoəlaqə yaradılmışdır.
Ali Məclisin Sədri 4-cü nəsil mobil rabitə şəbəkəsinin imkanlarından səmərəli istifadə olunması və göstərilən xidmətlərin sayının artırılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti