Oktyabrın 25-də Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər.
Biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, tekstil, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
Prezidentlər biznes forumda çıxış ediblər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edilib, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC