Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verərək demişdir ki, 2017-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 31 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Bu günə qədər muxtar respublikada 17 min hektar sahədə şum, 7 min hektar sahədə isə əkin aparılmışdır. Böyükdüz kəndi ərazisindəki taxıl sahəsi 410 hektardır. Bu günədək 260 hektarda taxıl əkini aparılıb. Əkin zamanı yüksək reproduksiyalı, muxtar respublikanın torpaq iqlim şəraitinə uyğunlaşmış məhsuldar toxum sortlarından istifadə olunur. Tələb olunan toxum torpaq mülkiyyətçilərinin öz təsərrüfatları və toxumçuluq təsərrüfatları tərəfindən təmin olunur. Bu ilin payızında Şahbuz, Culfa və Ordubad rayonlarının dağlıq ərazilərində dəmyə taxıl əkininə də üstünlük verilir.
Payızlıq şum və əkin aparılması üçün texnikalar da saz vəziyyətə gətirilmiş, “Naxçıvan Aqrolizinq” ASC-yə məxsus 6, fiziki şəxslərdə olan 18 taxılsəpənə şırımaçan qoşulmuşdur. Texnikanın gücündən səmərəli istifadə olunması səpin işlərinin optimal müddətdə başa çatdırılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işinin aparılması, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, taxılçılıqda dəmyə əkinçiliyinə üstünlük verilməsi, vegetasiya dövründə aqrotexniki qaydalara düzgün əməl edilməsi və payızlıq taxıl əkininin vaxtında başa çatdırılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti