Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.
Erkan Özoral etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Erkan Özoralın ölkəmizdə əvvəllər fəaliyyət göstərməsindən və bu dəfə Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən dövlətimizin başçısı onun Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Türkiyəli diplomat Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini deyib və əlaqələrimizin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, turizm, inşaat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC