Naxçıvan şəhərində mövcud yaşayış binalarının yenidən qurulması davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 93 və 99 nömrəli ictimai yaşayış binaları əsaslı şəkildə yenidən qurulmuşdur.
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binalarda görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan yaşayış binalarının hər birində 34 mənzil yerləşir. Əvvəllər bu yaşayış binalarında lazımi kommunal-məişət şəraiti yox idi. 3 girişi olan binaların özülü möhkəmləndirilmiş, fasad və dəhlizlər yenidən qurulmuş, mənzillərin hər birinin sahəsi 30 kvadratmetr artırılmışdır. Binalarda qapı və pəncərələr, su, kanalizasiya, elektrik, qaz və rabitə xətləri də dəyişdirilmiş, mərkəzi antenna sistemi qurulmuşdur.
Hər iki binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Ali Məclisin Sədri Naxçıvan şəhərindəki qəzalı vəziyyətdə olan digər yaşayış binalarının yenidən qurulmasının davam etdirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti