Oktyabrın 15-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal festivalı” keçirilmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, bu il ərzində qədim tariximizi yaşadan Naxçıvanqalada 5 festival keçirilmişdir. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Arıçılıq insan məşğuliyyətinin ən qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərbi-məsəllər, atalar sözləri də bu sahəyə tarixən göstərilən diqqətin nəticəsidir.
Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək demişdir ki, Naxçıvanın coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Bu sahələrdən biri də xalqımızın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılıqdır. Tarixi qaynaqlar göstərir ki, Naxçıvanda arıçılıq – vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçmişdir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Ballıqaya, Ordubad rayonundakı Arıtəpə və digər ərazilər bu yerlərin qədim arıçılıq məskənləri kimi məşhurlaşmasının göstəricisidir.
Qeyd olunmuşdur ki, XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlar vardır. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olurdu. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılırdı. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat vermişdir. Arıçılığın inkişafı sahəsində görülən işlərdən danışan Elsevər Əsədov bu sahənin inkişafına göstərilən diqqətə görə arıçılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, Naxçıvan balının sərgi-satışı ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdır. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunurdu. Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülmüş, arı ailələrinin sayı artırılmışdır. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür.
Tənənəm, Havuş, Tivi, Buzqov, Şurud, Kükü və digər kəndlərin adı ilə tanınan Naxçıvan balı öz dadı, qoxusu, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yüksək qiymətləndirilir. Tərkibi antioksidantlar, mineral maddələrlə zəngin olan Naxçıvan balı güclü mikrob, virus, göbələk və iltihab əleyhinə, yarasağaldıcı, bərpaedici, anesteziyaedici xüsusiyyətləri də özündə cəmləşdirib. Bu xüsusiyyətlərlə muxtar respublikanın florasının özünəməxsusluğu və endemik bitkilərlə zənginliyi bir-birini tamamlayır.
Ali Məclisin Sədri arıçılarla söhbət etmiş, onların qayğıları ilə maraqlanmışdır.
Şərur rayon Düdəngə kənd sakini, arıçı İbrahim Qasımov minnətdarlıq edərək demişdir: Festivalın keçirilməsi Naxçıvan balının tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən dəstək, arı ailələrinin paylanması, baytarlıq xidmətinin təşkili və bazara rahat çıxış imkanının olması arıçılığın inkişafına və bal istehsalının artmasına imkan verir. Təsərrüfatların genişləndirilməsi üçün həm dövlət dəstəyi, həm də mövcud təbii şərait vardır. Gəlirli sahə olan arıçılıqla bundan sonra da məşğul olacaq, məhsul istehsalını artıracağıq.
Ali Məclisin Sədri arıçılara təşəkkür etmiş, arıçılığın elmi şəkildə öyrənilməsi və çoxaldılması, arıçıların iştirakı ilə konfransların keçirilməsi və onların məlumatlandırılması, muxtar respublikanın rayonlarında arıçılıq ləvazimatlarının və dərmanlarının satış mağazalarının yaradılması, bu sahənin inkişafında yeni texnologiyaların tətbiqi, balın sənaye üsulu ilə qablaşdırılması və ixracı barədə aid təşkilatlara tapşırıqlar vermişdir.
Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı rəngarəng proqramlarla çıxış etmişdir. İki gün davam edəcək festivalda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti