10 Yanvar 2025, Cümə

Oktyabrın 14-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “İgidliyə görə” və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Azərbaycanda dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət müstəqilliyini qorumaq onu əldə etməkdən qat-qat çətindir”. Bu fikir 1991-1993-cü illərdə Azərbaycanda öz təsdiqini tapdı. Artıq 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Həmin dövrdə xalqın çağırışına səs verən ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Azərbaycanda sabitlik yaradıldı, ölkəmizin hərtərəfli inkişafının əsası qoyuldu və dövlət müstəqilliyimiz qorunub saxlanıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir.
Ali Məclisin Sədri demişdir: Azərbaycanın dövlət müstəqilliyi ümummilli liderimizin siyasi xəttinin ətrafında birləşən insanların zəhməti nəticəsində qorundu və yaşadıldı. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında hər bir Azərbaycan vətəndaşının zəhməti vardır. Öz fəaliyyəti ilə seçilən, fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün dövlət mükafatları təqdim olunanlar da müxtəlif sahələrdə çalışan, öz işi ilə fərqlənən və əməyi qiymətləndirilən insanlardır.
Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərə görə təltif olunanlara təşəkkür etmiş, onları Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik etmiş və gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təltif olunanlardan Aysel Əliyeva, Zahir Fətullayev, Əhəd Cəfərli, Hüseyn Bağırov, Rafiq Novruzov, Əlövsət Baxşıyev, Niyazi Novruzov, Mənsum Əhmədov, Nəriman İbrahimov, Hafiz Yaqubov, Əbil Əbilov və Əli Həsənov minnətdarlıq edərək demişlər ki, müstəqilliyin bəhrəsi olan inkişaf bütün sahələri əhatə etmişdir. İnsanların rahat yaşaması və işləməsi üçün hərtərəfli şərait vardır. Bu gün müstəqil Azərbaycanın inkişafında pay sahibi olmaq hər bir vətəndaş üçün ikiqat qürur və şərəfdir. Çəkilən zəhmət qarşısında insanların əməyinin yüksək qiymətləndirilməsi, dövlət mükafatlarına layiq görülməsi onları daha da ruhlandırır. Təltif olunanlar bildirmişlər ki, bundan sonra da ümummilli liderimizin siyasi xəttinə sadiq qalacaq, ölkə­mizin, eləcə də doğma Naxçıvanın inkişafı naminə səylə çalışacaq, göstərilən etimadı doğruldacaqlar.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR