10 Yanvar 2025, Cümə

Culfa rayonunun Gülüstan kəndində kompleks quruculuq işləri aparılmışdır

Bu il xalqımız dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində sürətlə inkişaf edib, müasir görkəm alıb. Muxtar respublikanın kompleks abadlaşan yaşayış məntəqələrindən biri də Culfa rayonunun Gülüstan kəndidir. İnsanlar hələ qədim zamanlardan bu kənddə məskunlaşmış, tarixin müxtəlif dövrlərində kənd inkişaf edərək ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət qazanmışdır. Tarixi abidələri, qədim yaşayış yerləri, təbii sərvətləri ilə yanaşı, bu gün Gülüstan kəndi həm də müasir inkişafı ilə diqqəti cəlb edir. Bu il kənddə geniş quruculuq işləri aparılmış, yeni sosial obyektlər inşa olunmuşdur. 

Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd
avtomobil yolu yenidən qurulmuşdur

Culfa rayonunda aparılan abadlıq-qurucu­luq işləri yol infrastrukturunu da əhatə etmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 13-də Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş, sakinləri təbrik edərək demişdir: Culfa şəhərinin giriş avtomobil yolunun və Gülüstan kənd yolunun yenidən qurularaq istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Culfa şəhərinin abadlığı, inkişafı haqqında ilk təəssürat şəhərin giriş yolundan yaranır. Ona görə də yol yenidən quruldu, ətrafda abadlıq işləri aparıldı.
Sonra Ali Məclisin Sədri yolda görülən yenidənqurma işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, uzunluğu 11 kilometr olan Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd avtomobil yolu, dəmiryolun üzərindən keçən 65 paqonometrlik körpü əsaslı şəkildə yenidən qurulmuşdur. Yol yatağı genişləndirilərək 10 metrə çatdırılmış, asfalt örtük verilmiş, 2150 metr məsafədə piyada yolu salınmış, işıqlandırma sistemi quraşdırılmış, 38 su keçidi qoyulmuş, 520 metrlik beton kanal çəkilmişdir.
Ali Məclisin Sədri yol kənarlarında­ ­yaşıllıqların salınması barədə tapşırıqlar ­vermişdir.

Gülüstan kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Hər il onlarla yeni məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir.
Oktyabrın 13-də Gülüstan kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Bəhrəm İsmayılov çıxış edərək demişdir ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil quruculuğu da diqqətdə saxlanılır. Bunun bariz nümunələrindən biri də bu gün açılışına toplaşdığımız Gülüstan kənd tam orta məktəbidir. Məktəbdə yaradılan şərait kollektiv qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri dərindən dərk edən pedaqoji heyət vətənpərvər gənclərin yetişdirilməsi yolunda səylə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Təhsil hər bir ölkənin gələcəyidir. Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu amili əsas götürən ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”.
Ali Məclisin Sədri demişdir: Ölkəmizin gələcək təminatçıları məktəblərdə hazırlanır. Bu işdə müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Ona görə də müəllimlər üzərlərinə düşən məsuliyyəti dərk etməli, məktəblərdə təhsilli, vətənpərvər və fiziki cəhətdən sağlam gənc nəsil yetişdirilməlidir. Bunun üçün, ilk növbədə, müəllimlər ixtisaslarını təkmilləşdirməli, müasir tədris metodlarını mənimsəməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır. Gənclər isə yaxşı təhsil almalı, peşə öyrənməli, özlərini gələcəyə hazırlamalıdırlar. Bu gün istifadəyə verilən Gülüstan kənd tam orta məktəbində bu vəzifələrin yerinə yetirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tələbkarlıq var, tədrisin səviyyəsi yüksəkdir. Ali məktəblərə qəbulda Gülüstan kənd tam orta məktəbinin məzunlarının göstəriciləri kəmiyyət və keyfiyyət baxımından qənaətləndiricidir.
Qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edən Ali Məclisin Sədri demişdir ki, məktəbin yetirmələri Azərbaycanın gələcək inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə öz töhfələrini verəcəklər. Bu gün Azərbaycanda təhsil prioritet sahədir. Dövlətimiz yeni məktəb binaları tikməklə, müasir tədris şəraiti yaratmaqla, müəllimlər isə yaradılan şəraitdən səmərəli istifadə edərək təhsilli və vətənpərvər gənclər yetişdirməklə ölkəmizin gələcək inkişafına təminat verirlər.

Ali Məclisin Sədri Gülüstan kənd tam orta məktəbində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə və nailiyyətlərin daha da artacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 156 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Kompüter otağında 13 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Kitabxanada 945 dərslik və 1337 bədii ədəbiyyat olmaqla, 2282 kitab kollektivin istifadəsinə verilmişdir.
Gənclərin sağlam böyüməsində idmanın xüsusi yeri vardır. Gülüstan kənd tam orta məktəbində müasir idman zalı istifadəyə verilmişdir. Hərbi kabinədə də lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri şagirdlərin fiziki və hərbi hazırlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.
Təhsil ocağında dəqiq elmlərin tədrisi üçün hər cür şərait yaradılmış, fizika, kimya və biologiya laboratoriyalarında tədris proqramına uyğun ən müasir sınaq-təcrübə avadanlıqları quraşdırılmış, əyani vəsaitlər qoyulmuşdur.
Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə əlaqə yaradılmış və distant dərs keçirilmişdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Gülüstan kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, bundan sonra da məktəbdə ölkəmiz və xalqımız üçün yararlı gənclər yetişdirilsin. Gənclərin peşə sahibi olması, vətənpərvər böyüdülməsi bu gün qarşıda duran əsas vəzifədir. Bu il dövlət müstəqilliyimizin 25 ili tamam olur. Müstəqilliyimizin gələcək təminatçıları bu gün məktəblərdə hazırlanan gənclərdir. Ona görə də pedaqoji kollektiv gənclərin təhsilinə ciddi diqqət yetirməli, onların vətənpərvər böyüdülməsi qayğısına qalmalıdırlar.
Müəllim Günay Rəfizadə yaradılan müasir tədris şəraitinə görə kollektiv adından minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələri və verilən tapşırıqları uğurla yerinə yetirəcəklərini bildirmişdir. 

Gülüstan kəndində yeni içməli su sistemi qurulmuşdur 

Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər içərisində içməli su təminatı xüsusi yer tutur.
Oktyabrın 13-də Gülüstan kənd içməli su sisteminin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, “Culfa şəhərinin və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Culfa şəhərinin girişində yeni su anbarı və sutəmizləyici qurğu kompleksi inşa olunmuşdur. Tikinti işləri aparılarkən su anbarından Gülüstan kəndinədək 160 millimetrlik borularla 2 kilometr, kənddaxili isə 7,3 kilometr içməli su xətləri çəkilmiş, 157 abonent daimi və ekoloji təmiz içməli su ilə təmin olunmuş, sayğaclar quraşdırılmışdır.
Ali Məclisin Sədri Gülüstan kənd içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə saldı.

Kənd mərkəzi istifadəyə verilmişdir 

Oktyabrın 13-də Gülüstan Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, feldşer-mama məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, statistika otağı, bələdiyyə və klub yerləşir. Kənd kitabxanаsında 6555 kitab vardır. İclas zalı müxtəlif tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Baytarlıq məntəqəsində dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuş, baytarlara nümunəvi iş şəraiti yaradılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, Gülüstan kəndində əhalinin əsas məşğuliyyət sahəsinin heyvandarlıq, quşçuluq və arıçılıq olması baytarlıq xidmətinin nümunəvi təşkilini zəruri edir. Dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılması kənddə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır.
Yeni Azərbaycan Partiyası Gülüstan kənd ərazi ilk təşkilatının sədri Kəmalə Səfərova demişdir: Ərazi ilk təşkilatı üzrə 108 Yeni Azərbaycan Partiyası üzvü vardır. Onlardan 42-si gənclər, 57-si isə qadınlardır. Gülüstan kəndində geniş quruculuq işləri aparılıb. Kənd müasir görkəmə qovuşub, yeni sosial obyektlər tikilib, Gülüstan türbəsi bərpa olunub. Kəndin tarixinin yaşadılmasına da, müasir inkişafına da lazımi qayğı göstərilir. Artıq kənddə işləmək də, təhsil almaq da, yaşamaq da çox rahatdır. Fəxr edirik ki, bu işlər Yeni Azərbaycan Partiyası tərəfindən görülür. Bundan sonra da ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalacaq, tikilənləri, qurulanları qoruyub saxlayacaq, ölkəmizin inkişafına öz töhfələrimizi verəcəyik.
Rabitə evində 384 nömrəlik yeni ATS quraşdırılmış, kəndə 1550 metr fiberoptik kabel xətti çəkilmiş, poçt xidməti təşkil olunmuşdur. Poçt şöbəsində kommunal xidmət haqlarının və digər ödənişlərin aparılması üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri feldşer-mama məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Burada hər cür şərait yaradılmış, məntəqəyə soyuducu, təcili yardım və peyvənd çantaları, lazımi dərman vasitələri verilmişdir. Yaradılan şərait əhaliyə göstərilən ilkin tibbi xidmətin hərtərəfli təşkilinə imkan verəcəkdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Gülüstan kəndində xidmət mərkəzi fəaliyyətə başlamışdır 

Həmin gün Gülüstan kəndində yeni xidmət mərkəzinin açılışı olmuşdur.
Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Mərkəzdə mağaza və bərbərxana yerləşir. Yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına olan tələbatın kəndin özündə ödənməsinə imkan verəcəkdir. Xidmət mərkəzində 2 nəfər işlə təmin olunmuşdur.
Kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Gülüstan kəndi öz adına layiq olaraq qurulub, müasirləşdirilib. Dövlətimiz tərəfindən bu tədbirlər ona görə həyata keçirilir ki, insanlar rahat yaşasın. Bu gün ölkəmiz inkişaf edir, sabitlik şəraitində yaşayırıq. Bu il dövlət müstəqilliyimizin 25-ci ildönümünü qeyd edəcəyik. Müstəqilliyimizin yaradıcısı ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz daha da inkişaf edir, şəhərlərimiz, kəndlərimiz müasirləşir, insanların yaşayış səviyyəsi yaxşılaşır. Müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında vətəndaşların da böyük əməyi vardır. Sakinlər bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, hər kəs ölkəmizin inkişafında pay sahibi olmalıdır.
Ali Məclisin Sədri dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.

Kənd sakini Surxay Məmmədov minnətdarlıq edərək demişdir ki, yeni sosial obyektlərin tikilməsi, içməli su sisteminin çəkilməsi, yolun abadlaşması, Gülüstan türbəsinin bərpa olunması kəndin tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuş, kənd əsl gülüstana çevrilmişdir. Həyata keçirilən tədbirlər kəndin turizm imkanlarını artırmışdır. Hər bir sakin fəxr edir ki, müstəqilliyimizin bəhrəsi olan müasir Azərbaycan kəndində yaşayır. Yaradılan bu şərait imkan verir ki, təsərrüfatlarımızı daha da genişləndirək, bol məhsul istehsal edək. Sakinlər kəndin inkişafında, abadlaşmasında bundan sonra da yaxından iştirak edəcəklər.

* * *

Gülüstanda kənddaxili 2700 metr rabitə xətti və 1100 metr elektrik xətti çəkilmiş, mövcud elektrik xətlərində və transformatorlarda təmir işləri aparılmışdır. Abadlıq işləri aparılarkən qaz xətləri də yenilənmişdir. 

Gülüstan kəndindəki quşçuluq təsərrüfatının fəaliyyəti genişləndirilir

Muxtar respublikamızda sahibkarlığın inkişafı və yerli istehsalın həcminin artırılması sahəsində ardıcıl tədbirlər görülür. Yaradılan əlverişli şərait, güzəştli şərtlərlə kreditlərin verilməsi şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni təsərrüfat sahələrinin yaradılmasına imkan verir.
Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan kəndindəki quşçuluq təsərrüfatının fəaliyyəti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, quşçuluq təsərrüfatı 2013-cü ildə Sahibkarlığa Kömək Fondu tərəfindən verilən güzəştli kredit hesabına yaradılmışdır. Ətlik və yumurtalıq istiqamətində fəaliyyət göstərən təsərrüfatda 1000 başdan artıq hindquşu saxlanılır. Muxtar respublikada quşçuluq təsərrüfatları üçün qüvvəli yem istehsalının həyata keçirilməsi və daxili bazarın qorunması təsərrüfatın rentabelli işləməsinə və fəaliyyətinin daha da genişləndirilməsinə imkan verir. İstehsal olunan məhsullar rahat şəkildə bazara və kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına çıxarılır.
Sahibkar Bəhruz İsmayılov yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri muxtar respublikanın kəndlərində heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılmasının əhəmiyyətini bildirmiş, özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə etdiyinə görə sahibkara təşəkkür etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR