Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.
MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salan düyməni basıb.
“Baku Steel Company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə aparılan yenidənqurma işləri nəticəsində şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.
Prezident İlham Əliyev polad istehsalı sahəsində məhsulun hazırlanması prosesi ilə tanış olub.
Bu il “Baku Steel Company”də tikişsiz boru istehsalı üçün xammal olan dairəvi pəstahların hazırlanmasına başlanılıb. Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.
Dövlətimizin başçısı burada istehsal olunan məhsullara baxıb.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
AZƏRTAC