Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşmüşdür.
Ali Məclisin Sədri səfiri salamlamış, ölkələrimiz arasında kənd təsərrüfatı, hərbi, səhiyyə, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdiyini bildirmiş, səfirliyin bu sahədəki fəaliyyətini diqqətə çatdırmışdır. Azərbaycan-Belarus ikitərəfli münasibətlərində Naxçıvan Muxtar Respublikasının rolunu qeyd edən Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif istiqamətlərdə inkişaf edəcəyinə əminliyini bildirmiş, səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Gennadi Axramoviç ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışmışdır. Səfir Belarus Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı ikitərəfli münasibətlərin yaxşı perspektivi olduğunu vurğulamış, əlaqələrin daha da genişləndirilməsinə çalışacağını qeyd etmişdir.
Söhbət zamanı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti