Oktyabrın 10-da Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollecin müəllim və tələbələrini təbrik edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası bu gün ölkəmizdə məzmunca yeni mərhələyə yüksəlib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən ardıcıl islahatlar nəticəsində təhsil müəssisələrində güclü maddi-texniki baza formalaşdırılmış, gənclərin təhsil alması üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikamızda da gənclərin hərtərəfli təhsilə yiyələnmələrinə və əsl mütəxəssis kimi yetişməsinə xüsusi diqqət yetirilir. Bu işdə orta ixtisas məktəblərinin də imkanlarından geniş istifadə olunur. Son illər təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər orta ixtisas məktəblərini də əhatə etmiş, bu təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilmişdir. Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə aparılan işlərin davamıdır.
Ali Məclisin Sədri demişdir: İyirmi birinci əsr texnologiya əsridir. Texniki yeniliklər olmadan hər hansı bir sahənin inkişafını təsəvvür etmək mümkün deyil. Bu da özlüyündə texniki sahələr üzrə ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. Təcrübə göstərir ki, texniki təhsil bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla yanaşı, həm də iqtisadi inkişafın təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Bu amillər, eləcə də texniki fənlərə artan maraq nəzərə alınaraq Şərur rayonunda Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, ali və orta ixtisas təhsili müəssisələrində yeni texniki ixtisaslar açılmışdır. Bundan sonra da muxtar respublikada texniki təhsilin məzmunu müasir tələblər baxımından yeniləşdirilməli, ixtisaslaşma aparılmalı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulmalıdır.
Qeyd olunmuşdur ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən Naxçıvan Dövlət Texniki Kollecində kadr hazırlığı aparılan ixtisaslar 2015-ci ildən etibarən aid təşkilatlara hamiliyə verilmişdir. Məqsəd kadr hazırlığında hami təşkilatların bazasından və mövcud imkanlarından səmərəli istifadə etməkdir. Buna görə də Təhsil Nazirliyi hami təşkilatlarla birlikdə Texniki Kollecin tələbələrinin təcrübə keçmələrini və onların işlə təminatını diqqətdə saxlamalıdır. Naxçıvan Dövlət Texniki Kollecində yaradılan yeni infrastruktur və maddi-texniki bazadan, informasiya texnologiyalarından səmərəli istifadə olunmalı, texniki təhsilin məzmunu daha da təkmilləşdirilməlidir. Tədris prosesində təcrübi məşğələlərə, yeni təlim üsullarına üstünlük verilməlidir. Tədris proqramına uyğun elektron dərs vəsaitləri hazırlanmalı, pedaqoji heyətin səviyyəsi yüksəldilməli, müəllimlər yeni təlim üsullarını mənimsəməli, məsuliyyətlə və tələbkarlıqla çalışmalıdırlar. Tələbələr onlar üçün yaradılan şəraitdən düzgün istifadə etməli, hərtərəfli təhsil almalı, biliklərə dərindən yiyələnməli, mütəxəssis kimi yetişməlidirlər.
Ümummilli liderimiz Heydər Əliyevin “Cəmiyyətdə layiqli yer tutmaq üçün, ölkəyə, Vətənə, millətə faydalı olmaq üçün bütün imkanlardan istifadə edib yüksək təhsil almaq lazımdır”, – fikirlərini diqqətə çatdıran Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamış, bir daha yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək demişdir ki, 2016-cı ilin ötən dövründə muxtar respublikada 8 tam orta məktəb binası və bir peşə məktəbi istifadəyə verilmişdir. Hazırda Naxçıvan Şəhər Peşə Liseyi, eyni zamanda 10 ümumtəhsil məktəbi üçün binaların tikintisi və əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Naxçıvan Dövlət Texniki Kolleci üçün binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Məmməd Qəribov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Aytən İmanova demişdir ki, muxtar respublikada digər sahələr kimi, təhsil də sürətlə inkişaf edir, yeni təhsil ocaqları tikilib istifadəyə verilir. Təhsilin bütün pillələri arasında əlaqələr gücləndirilmiş, qabaqcıl təcrübənin mənimsənilməsi və yüksək intellektli kadrların hazırlanması üçün mühüm stimul yaradılmışdır. Təhsil işçilərinə göstərilən diqqət və qayğı pedaqoji kollektivləri daha yaxşı işləməyə sövq edir, üzərimizə böyük məsuliyyət qoyur. Bütün bunların müqabilində pedaqoji kollektiv gənc nəslin təlim-tərbiyəsində, peşəkar və vətənpərvər kadrların yetişdirilməsində səylə çalışacaqdır.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, kollecin binası 5 mərtəbədən ibarətdir. Binada 14-ü elektron lövhəli olmaqla, 26 auditoriya, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun 10 fənn kabinəsi, Heydər Əliyev lektoriyası, 3 kompüter otağı, baytarlıq fənn komissiya otağı, müəllimlər otağı, kitabxana, bufet və 120 yerlik iclas zalı vardır.
Təhsil ocağının informasiya texnologiyaları ilə təminatı diqqətdə saxlanılmış, 66 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Kitabxanada isə 2850 dərslik və 1175 bədii ədəbiyyat olmaqla, 4025 kitab müəllim və tələbələrin istifadəsinə verilmişdir. Heydər Əliyev lektoriyasında ümummilli liderin həyat və fəaliyyəti gənc nəslə öyrədiləcək, Heydər Əliyev lektoriyaları, ulu öndərə həsr olunmuş tədbirlər keçiriləcəkdir.
Ali Məclisin Sədri tədris prosesində elektron lövhələrdən və elektron dərsliklərdən istifadənin, eləcə də tələbələrin kompüter biliklərinin artırılmasının əhəmiyyətini vurğulamış, bununla bağlı müvafiq tapşırıqlar vermişdir.
Kollecdə yol hərəkətinin təşkili, baytarlıq təbabəti, nəqliyyatda daşımaların təşkili (dəmir yolu üzrə), bank işi, mühasibat uçotu, rabitə qovşaqları və kommunikasiya sistemləri olmaqla, 6 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər ixtisas üzrə ayrıca kabinə yaradılmış, elektron lövhələr, müvafiq tədris avadanlıqları və əyani vəsaitlərlə təmin olunmuşdur. Hazırda kollecdə 455 tələbənin təhsili ilə 36 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində kollecə 123 tələbə qəbul olunmuşdur.
Fənn kabinələrinə baxış zamanı bildirilmişdir ki, hami təşkilatlarla qarşılıqlı işin təşkili tələbələrin praktik vərdişlərinin artırılmasına və mütəxəssis kimi hazırlanmasına mühüm töhfə vermişdir. Belə ki, yay tətili dövründə nəqliyyatda daşımaların təşkili ixtisası üzrə təhsil alan 14 tələbə müqavilə əsasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul olunmuşdur.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, texniki sahə üzrə kadrlara olan tələbat ilbəil artır. Naxçıvan Dövlət Texniki Kollecinin fəaliyyəti də bu istiqamətdə qurulmuşdur. Yeni binada kollektiv üçün lazımi tədris şəraiti yaradılmışdır. Ona görə də kollecdə dərslər hərtərəfli tədris olunmalı, nəzəriyyə ilə yanaşı, praktika da öyrədilməli, mütəxəssis hazırlığına ciddi diqqət yetirilməlidir. Burada təhsil alan gənclər texniki sahə üzrə kadrlara olan tələbatı ödəməklə yanaşı, həm də gələcəkdə öz ixtisaslarına uyğun olaraq Naxçıvan Dövlət Universitetində təhsillərini davam etdirməlidirlər.
Müəllim Səadət Qocayeva minnətdarlıq edərək demişdir: Təhsilə qayğı ölkənin gələcəyinə qayğıdır. Bu gün muxtar respublikada gələcəyimiz olan gənc nəslin yetişdirilməsi qayğısına qalınır, təhsil sistemi tamamilə müasirləşdirilir. Naxçıvan Dövlət Texniki Kolleci üçün yaradılan şərait də təhsilə qayğının daha bir ifadəsidir. Bu, pedaqoji kollektivin üzərinə mühüm vəzifələr qoyur. Gənclərin yaxşı təhsil alması və mütəxəssis kimi yetişməsi üçün səylə çalışacaq, əsl vətəndaşlar yetişdirəcəyik.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıq salınmış, işıqlandırma sistemi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti