Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili xanım Mariya Joao Lopes Kardoso ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış və ona muxtar respublika haqqında məlumat vermişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Portuqaliyanın muxtar qurumları arasında əlaqələrin qurulmasının və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, səhiyyə və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırmış, bu istiqamətdə səylərin göstəriləcəyinə inamını ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Mariya Joao Lopes Kardoso ümummilli lider Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Səfər müddətində bir sıra görüşlər keçirəcəyini qeyd edən qonaq Portuqaliyanın muxtar qurumları ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin yaradılmasına mühüm əhəmiyyət verdiklərini diqqətə çatdırmışdır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti