Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
Bildirilib ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.
Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir.
Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.
Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola – keçid və kafe var.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.
AZƏRTAC