10 Yanvar 2025, Cümə

Oktyabrın 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində muxtar respublikada toxumçuluq təsərrüfatlarının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə səyyari müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada torpaq mülkiyyətçiləri müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və suvarma suyu ilə təmin olunur, kənd təsərrüfatının inkişafı üçün kreditlər verilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əksər kənd təsərrüfatı məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Əkinçiliyin inkişafında başlıca amillərdən biri məhsuldar toxum sortlarının yaradılmasıdır. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlar keyfiyyətli toxum sortları ilə təmin olunur. Təklif olunan sortların əkin dövriyyəsinə daxil edilməsi məhsuldarlığın yüksəlməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də bu sahədə işlər düzgün qurulmalı, mütərəqqi metodlardan istifadə olunmalı, əkin sahələrində aqrotexniki tədbirlər həyata keçirilməli, maarifləndirmə işi aparılmalıdır. Muxtar respublikada aid dövlət qurumlarının və təcrübə-sınaq sahələrinin fəaliyyət göstərməsi, mütəxəssislərin olması bu tədbirlərin həyata keçirilməsinə imkan verir.
Ali Məclisin Sədri demişdir: Torpağın əkilməsi əsas şərt deyil. Əsas məsələ torpaqdan səmərəli istifadə və bol məhsul yetişdirməkdir. Muxtar respublikanın blokada şəraitində yaşaması və əkinəyararlı torpaqların az olması taxıl və bostan-tərəvəz bitkilərinin əkinində mütərəqqi metodların tətbiqini, məhsuldarlığın artırılmasını və daxili tələbatın ödənilməsini zəruri edir. Torpaqlardan səmərəli istifadə olunmasında isə meliorasiya və irriqasiya işlərinin görülməsi vacib məsələdir. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, ötən il Babək və Culfa rayonlarının 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, o cümlədən “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılmış 2 min hektar torpaq sahəsinin 400 hektarında qapalı suvarma şəbəkəsi qurulmuş, bu il Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 600 hektara yaxın torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndində 120 hektarda qapalı suvarma şəbəkəsinin qurulması davam etdirilir.
Qeyd olunmuşdur ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən biri də aqrolizinq xidmətinin təşkilidir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin maddi-texniki bazası gücləndirilir, hər il yeni kənd təsərrüfatı texnikaları, muxtar respublikanın iqlim və torpaq xüsusiyyətlərinə uyğun gübrələr alınıb gətirilərək torpaq mülkiyyətçilərinə verilir. Bundan başqa, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və rayon bazalarının nəzdində Kənd Təsərrüfatı Nazirliyinin dərman satışı yerləri yaradılmışdır.
Ali Məclisin Sədri demişdir: Müasir dövrdə hər bir ölkənin inkişafı, ilk növbədə, ərzaq təhlükəsizliyinin təmin olunması ilə ölçülür. Ərzaq təhlükəsizliyinin təmin olunması isə kənd təsərrüfatının inkişafından, bu sahədə yerli istehsalın həcminin artırılmasından asılıdır. Naxçıvan Muxtar Respublikasının uzun müddətdir blokada şəraitində yaşaması yerli istehsalın həcminin artırılmasını zəruri edir. Artıq muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 90 faizə yaxındır. Hazırda ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payının artırılması qarşıda duran əsas vəzifədir. Ona görə də aid təşkilatlar bu məsələyə diqqəti artırmalı, əkinçilikdə müasir aqrotexniki qaydalar tətbiq edilməli və bol kənd təsərrüfatı məhsulları istehsal olunmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında aid təşkilatlara tapşırıqlar verərək demişdir ki, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri davam etdirilməli, mütərəqqi suvarma metodları tətbiq olunmalı, əkin mədəniyyəti formalaşdırılmalıdır. Taxıl və bostan-tərəvəz bitkiləri ilə yanaşı, dənli-paxlalı bitkilərin əkini də genişləndirilməli, daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilməlidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatları əkin sahələri və müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşdur. Hazırda “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin tikintisi aparılır. Toxumçuluq təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalı, Kənd Təsərrüfatı Nazirliyinin yerli təcrübə-sınaq stansiyalarında hər bir rayonun iqliminə uyğun kənd təsərrüfatı bitkiləri seçilib yetişdirilməli və torpaq mülkiyyətçilərinə paylanılmalıdır. “Araz” Elm İstehsalat Birliyi elmi baza kimi fəaliyyətini genişləndirməli, təcrübələr aparılmalı, torpaq mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında aid təşkilatların kollektivlərinə uğurlar arzulamışdır.
Sonra muxtar respublikanın toxumçuluq təsərrüfatlarında yetişdirilən məhsuldar toxum sortlarına baxış olmuşdur.
Məlumat verilmişdir ki, hazırda muxtar respublikada ümumi əkin sahəsi 910 hektar olan 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Təsərrüfatlarda yetişdirilən toxumluq buğdalar laboratoriyada analiz edildikdən sonra onlara yararlılıq barədə sertifikatlar verilir. Bu il təsərrüfatlarda 1871 ton məhsul istehsal olunmuş, bu günə qədər 837 ton toxum təmizlənərək dərmanlanmışdır. Hazırda bu iş davam etdirilir.
Muxtar respublikanın taxıl əkini sahələrində toxumçuluq təsərrüfatlarında yetişdirilən məhsuldar “Bezostaya”, “Qobustan”, “Quality”, “Güvən”, “Dağ-daş”, “Ceyhan-99”, “Sönməz”, “Gilavar” sortlarının əkilməsi nəzərdə tutulmuşdur. Bu toxum sortlarının əkin dövriyyəsinə daxil edilməsi orta məhsuldarlığı artıracaqdır. Taxıl sahələrində alaq otlarına və gəmiricilərə qarşı mübarizə məqsədilə də lazımi qədər herbisid və sink-fosfid preparatı tədarük olunmuş, torpaq mülkiyyətçilərinə maarifləndirici kitabçalar paylanmışdır.
Toxumçuluq təsərrüfatlarında yetişdirilən “Zaqatala-420” qarğıdalı sortu, “Qaraca-85” noxud sortu, sarımsaq, soğan, kartof və şənbəllə toxumları da yüksək məhsuldarlığa malikdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada qarğıdalı, soğan, sarımsaq və kartofa olan tələbat yerli istehsal hesabına ödənilir.

Yarma istehsalı daxili tələbatı ödəyir

Oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan yarma istehsalı sahəsinə də baxmışdır.
Məlumat verilmişdir ki, istehsal sahəsi Sahibkarlığa Kömək Fondundan ayrılan vəsait və müəssisənin daxili imkanları hesabına yaradılmışdır. İstehsal sahəsində quraşdırılan müasir avadanlıqlar keyfiyyətli məhsul istehsalına imkan verir. 576 kvadratmetr sahəyə malik olan müəssisədə 3 çeşiddə – 800 qram və 3 kiloqramlıq polietilen paketdə, 25 kiloqramlıq kisədə yarma və bulqur istehsal olunur. Müəssisənin istehsal gücü saatda 600 kiloqramdır. İndiyə kimi bu məhsula olan tələbat tamamilə idxal hesabına ödənilirdi. Lakin hazırda müəssisə daxili tələbatı tam ödəyir. Gələcəkdə məhsulun ixrac olunması da nəzərdə tutulur.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qüvvəli yem və un istehsalı sahəsinə də baxmışdır.
Bildirilmişdir ki, yaradılan şərait quşçuluq və heyvandarlıq təsərrüfatlarının qüvvəli yemə olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Xammal kimi yerli məhsullardan istifadə olunur. Un istehsalı sahəsində əhalinin tələbatına uyğun olaraq 4 çeşiddə – 1, 2 və 5 kiloqramlıq paketlərdə, eləcə də 50 kiloqramlıq kisələrdə un istehsal olunur.
Ali Məclisin Sədri istehsal sahələrində keyfiyyətə diqqət yetirilməsi, əhalinin tələbatının nəzərə alınması və daxili bazarın qorunması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR