10 Yanvar 2025, Cümə

Müasir irriqasiya sistemlərinin qurulması kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülür, rentabelli suvarma şəbəkələri qurulur, hər il yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır, sudan səmərəli və qənaətlə istifadə olunur.
Sentyabrın 30-da Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Kültəpə və Kərimbəyli kəndlərində torpaqları suvarma suyu ilə təmin etmək, su itkisinin və şoranlaşmanın qarşısını almaq məqsədilə Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalından diametri 720 millimetr olan 3060 metr yeni boru xətti çəkilmişdir. Suyun əraziyə itkisiz paylanması üçün 1272 metr beton kanal tikilmiş, kanalın üzərində 16 ədəd suburaxıcı qapılar qoyulmuş və 8 kilometrə yaxın ara arxları çəkilmişdir. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılmışdır ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Ölkəmizdə torpaqların əkilməsi və onlardan səmərəli istifadə olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da torpaqların su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, yeni suvarma şəbəkələri qurulur. Bütün bunlar ümumilikdə muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir.
Ali Məclisin Sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidentinin himayəsi ilə istifadəyə verilən Heydər Əliyev Su Anbarı Babək rayonu ərazisində torpaqların su təminatını xeyli yaxşılaşdırmış, 16 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Heydər Əliyev Su Anbarından başlayan sağ və sol sahil kanallarının üzərində rentabelli suvarma şəbəkələrinin qurulması isə min hektarlarla torpaq sahəsinin su təminatını yaxşılaşdırmış, su itkisinin və şoranlaşmanın qarşısı alınmışdır. Bu sahədə görülən işlər çərçivəsində ötən il Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilmişdir. Bu gün isə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin torpaq sahələrini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilir. Layihə üzrə tikinti işlərinə bu ilin aprel ayında başlanılmış və yerli mütəxəssislər tərəfindən keyfiyyətlə başa çatdırılmışdır. Nəticədə, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır.
Ali Məclisin Sədri demişdir: Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərində keyfiyyəti ilə seçilən bostan-tərəvəz məhsulları və üzüm yetişdirilir. Suvarma tədbirlərinin yaxşılaşdırılması əkin sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına imkan verəcəkdir. Gələcəkdə ərazidə qapalı suvarma şəbəkəsinin qurulması da nəzərdə tutulur. Ona görə də sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, torpaqlar əkilməli, bazarın tələbatına uyğun məhsul yetişdirilməlidir. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə subsidiyaların və gübrələrin verilməsi, texnika ilə təminat imkan verəcəkdir ki, bu tədbirlər uğurla həyata keçirilsin.
Ali Məclisin Sədri yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, torpaqlardan səmərəli istifadə olunacağına və bol məhsul yetişdiriləcəyinə əminliyini bildirmişdir.
Kültəpə kənd sakini Tapdıq Abbasov torpaq mülkiyyətçiləri adından minnətdarlıq edərək demişdir: Kültəpə və Kərimbəyli kəndlərinin sakinləri əsasən əkinçiliklə məşğul olurlar. Lakin torpaqların suvarılmasında müəyyən çətinliklər yaranırdı. Həyata keçirilən tədbirlər və istifadəyə verilən yeni suvarma şəbəkəsi hər iki kənddə su problemini həll etmişdir. Bu da əkin sahələrinin genişləndirilməsinə imkan verəcəkdir. Dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edərək torpaqları əkəcək, bol məhsul istehsal edəcək, ailələrimizin dolanışığını yaxşılaşdırmaqla yanaşı, həm də muxtar respublikamızın inkişafına töhfə verəcəyik.
Ali Məclisin Sədri suvarma şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmiş və onları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR