10 Yanvar 2025, Cümə

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkə­mizə tərəqqi, xalqımıza firavanlıq və yüksək rifah bəxş etmişdir. Bu gün ulu öndərin yolunun davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikamızda geniş quruculuq işləri aparılır, yaşayış məntəqələrinin siması dəyişir, müasir kənd infrastrukturu yaradılır.
Yeni sosial obyektlərin inşası və əhalinin rahat yaşayışının təmin olunması Naxçıvan Muxtar Respublikası kəndlərinin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Sentyabrın 28-də Babək rayonunun Məzrə kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kənd yolu yenidən qurulmuşdur

Sentyabrın 28-də Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmiş və sakinləri təbrik etmişdir.

Məlumat verilmişdir ki, 2,9 kilometr uzunluğundakı kənddaxili avtomobil yolları yenidən qurulmuş, yol yatağı genişləndirilərək asfalt örtük salınmışdır. Tikinti işləri aparılarkən 1300 metr yola çınqıl qatı verilmiş, yolun üzərində 75 su keçidi qoyulmuş, yağış sularının axıdılması üçün 1250 metr beton kanal çəkilmişdir.

 Məzrə kənd tam orta məktəbinin yeni binası 

istifadəyə verilmişdir

Sentyabrın 28-də Məzrə kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək demişdir ki, muxtar respublikanın şəhər, qəsəbə və kəndləri yenidən qurularaq müasir görkəm alır. Aparılan genişmiqyaslı tikinti-qurucu­luq işlərindən Babək rayonuna da pay düşmüşdür. Bu ilin ötən dövründə rayonun Xəlilli və Yarımca kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir. Hacıvar və Badaşqan kəndlərində isə quruculuq işləri davam etdirilir. Bu gün Məzrə kəndi də rayonun kompleks abadlaşan kəndlərinin sırasına qoşulmuşdur. Bundan başqa, rayonda mənzillərin içməli su, torpaq sahələrinin isə suvarma su təminatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Rayon icra başçısı həyata keçirilən tədbirlərə görə sakinlər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məzrə kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil sisteminin inkişafında orta məktəblərə qayğı xüsusi yer tutmalıdır”, – fikrini xatırladaraq demişdir: Məktəb tikintisi gələcəyimiz olan gənclərin yetişdirilməsinə xidmət edir. Ona görə də ölkəmizdə ulu öndərimizin yolu uğurla davam etdirilir, hər il yeni məktəb binaları tikilir və müasir tədris avadanlıqları ilə təchiz olunur. Ölkəmizdə tikilən müasir məktəblərdən biri də bu gün Məzrə kəndində istifadəyə verilir.
Ali Məclisin Sədri demişdir: Məzrə kəndi muxtar respublikamızın abad yaşayış məntəqəsinə çevrilib. Kənddə məktəb binası, yol, kənd və xidmət mərkəzləri tikilmiş, abadlıq işləri aparılmışdır. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşayışına və gənclərin yaxşı təhsil almasına xidmət edir. Məktəb tikintisinə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu gün məktəbdə təhsil alan gənclər gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə çalışacaq, dövlətimizin möhkəmlənməsinə və inkişafına öz töhfələrini verəcəklər. Ona görə də müəllimlər gənclərlə işə xüsusi diqqət yetirməli, onların vətənpərvər və təhsilli böyüməsi qayğısına qalmalıdırlar. Bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, məktəb tədrisin müasir tələbləri səviyyəsində qurulmuşdur.
Məzrə kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam var, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Yeni məktəb binası gələcəkdə nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, nizam-intizama əməl edilməli, müəllimlər daim öz üzərlərində işləməli, gənclərin gələcəkdə peşə sahibi olması üçün çalışmalı, yaxşı təhsil verməlidirlər.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Bildirilmişdir ki, 270 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbdə 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur.
Muxtar respublikamızın ümumtəhsil məktəblərində kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır, kitabxana fondları dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilir. Məzrə kənd tam orta məktəbinin kitabxanasında da 1617 dərslik və 1381 bədii ədəbiyyat vardır.
Elektron lövhəli sinifdə Məzrə kənd tam orta məktəbi ilə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi arasında əlaqə yaradılmış, muxtar respublikanın 206 təhsil müəssisəsinin iştirakı ilə distant dərs keçirilmişdir.
Kimya, biologiya və fizika laboratoriyalarında lazımi təcrübə avadanlıqları və elektron lövhə quraşdırılmış, hərbi kabinədə tədris proqramına uyğun stendlər qoyulmuşdur.
Ali Məclisin Sədri kimya, biologiya, fizika, riyaziyyat və tarix fənlərinin tədrisində elektron dərsliklərdən istifadənin vacibliyini bildirmiş, tədrisin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Baxış zamanı qeyd olunmuşdur ki, 2016-2017-ci tədris ilində Məzrə kənd tam orta məktəbində birinci sinfə 15 şagird qəbul olunmuşdur.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri Məzrə kənd tam orta məktəbində tədrisin düzgün qurulduğunu, ali məktəblərə qəbulda məktəbin yaxşı nəticələr göstərdiyini qeyd etmiş, nailiyyətlərin daha da artırılmasının vacibliyini bildirmişdir.
Müəllim İlahə Səfərova muxtar respublikada təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə pedaqoji kollektiv adından minnətdarlıq etmişdir.

Məzrə Kənd Mərkəzinin açılışı olmuşdur 

Sentyabrın 28-də Məzrə Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, mərkəzdə rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 44 yerlik iclas zalı vardır.
Baytarlıq məntəqəsində soyuducu və lazımi dərman vasitələri qoyulmuş, xidmətin təşkili üçün bütün şərait yaradılmışdır. Kənd kitabxanası da zənginləşdirilmiş, oxucuların istifadəsinə 6487 kitab verilmişdir. Rabitə evində quraşdırılan 320 yerlik müasir ATS, çəkilən fiberoptik xətt kənddə dayanıqlı telefon və sürətli internet xidmətinin göstərilməsinə imkan verir. Hazırda Məzrə kəndində 28 internet istifadəçisi vardır.
Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, soyuducu, tibbi avadanlıqlar və dərman vasitələri qoyulmuşdur. Burada əhaliyə lazımi tibbi xidmət göstəriləcəkdir.
Ali Məclisin Sədri tibbi xidmətin təşkilində səhiyyə maarifi işinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirmiş, bununla bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Məzrədə xidmət mərkəzi fəaliyyətə başlamışdır 

Məzrə kəndində müasir xidmət mərkəzinin yaradılması sakinlərin rahatlığına imkan verəcəkdir.
Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazası fəaliyyət göstərir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşmüşdür.
Kənd sakini Vaqif İsayev minnətdarlıq edərək demişdir: Məzrə kəndi tamamilə abadlaşıb. Kənd yolu, məktəb binası, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığını təmin edir. İnsanlar rahat yaşayır. Vaxtilə Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi kəndin suvarma su problemini həll etmiş, əkin sahələri xeyli genişlənmişdir. Bu gün kənddə əhalinin içməli su təminatı da yaxşılaşdırılmışdır. Bir sözlə, kənddə şəhər rahatlığı yaradılmışdır. Bu işlər bizi sevindirir, torpağa daha sıx bağlayır. Daim dövlətimizin yanındayıq. Ölkəmizdə həyata keçirilən siyasi xətti dəstəkləyirik. Çalışacağıq ki, bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edək, ölkəmizin inkişafında payımız olsun.
Ali Məclisin Sədri demişdir ki, Məzrə kəndində həyata keçirilən quruculuq işləri insanların rahat yaşamasına xidmət edir. Vaxtilə kənddə bir çox sahədə problemlər mövcud idi. Lakin bu gün Məzrə müasir Azərbaycan kəndinə nümunədir. Kənddə bütün sosial problemlər həll edilmiş, yeni yol, məktəb binası, kənd mərkəzi, feldşer-mama məntəqəsi, xidmət mərkəzi istifadəyə verilmiş, müasir rabitə sistemi qurulmuş, sürətli internetdən istifadə imkanları yaradılmışdır. Məzrə kəndində əkinçiliyin və heyvandarlığın inkişafı üçün də lazımi şərait yaradılmışdır. Dövlətimiz tərəfindən bu sahə ilə məşğul olanlara lazımi qayğı göstərilir. Kəndlərdə həyata keçirilən tədbirlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Sakinlər bu qayğıdan səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, məskunlaşma artmalıdır. 

* * *

 

Məzrə kəndində abadlıq işləri də görülmüşdür. Kəndin rabitə, elektrik, qaz və su sistemləri yenidən qurulmuş, 2 min metrdən artıq rabitə və 1850 metrlik elektrik xətti çəkilmiş, qaz və su xətlərində təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR