10 Yanvar 2025, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.
Sentyabrın 15-də – Bilik Günündə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 15 sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, pedaqoji kollektivləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Xalqımızın dahi rəhbəri Heydər Əliyev ötən əsrin 70-ci illərində təhsil sahəsinə qayğı göstərir və deyirdi: “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”. Azərbaycan xalqının ümummilli liderinin müəllifi olduğu təhsil strategiyası ölkəmizdə yeni cəmiyyət qurucu­luğunun əsasını qoymuşdur. Ulu öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib faktoru kimi müəyyənləşdirmiş və bu sahədə sistemli tədbirlər həyata keçirmişdir.
Qeyd olunmuşdur ki, bu gün ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, müasir universitet şəhərciklərinin, peşə və orta ixtisas məktəbləri üçün tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsili üçün etibarlı zəmin yaratmışdır. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təhsil islahatları artıq öz bəhrəsini verməkdədir. Bu gün muxtar respublika gəncləri ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edərək hərtərəfli təhsil alırlar. Naxçıvan şəhərində də, ən ucqar dağ və sərhəd kəndlərində də şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilib. Bunun nəticəsidir ki, hər il ali məktəblərə qəbulda məzunlarımız yüksək nəticə göstərirlər. Bir sözlə, muxtar respublikada gənclərin zehni və fiziki inkişafı, bilik və bacarıqlarını artırmaları üçün lazım olan bütün şərait yaradılıb.
Ali Məclisin Sədri demişdir: Vətənə, xalqa xidmətin ən yaxşı yolu mükəmməl təhsil almaqdır. Hər bir gənc bilməlidir ki, o yaxşı təhsil almaqla, peşə öyrənməklə, ilk növbədə ölkəmizin inkişafına öz töhfəsini vermiş olur. Ölkəmizin gələcəyi bugünkü gəncliyin təhsilə və ya peşə sahələrinə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Çox istərdik ki, hər bir gənc biliklərə dərindən yiyələnsin, vətənpərvər olsun, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsin.
Təhsil islahatları o zaman fayda verir ki, o, cəmiyyətin konkret ehtiyaclarına uyğunlaşdırılsın. Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey də bu zərurətdən yaradılmışdır. Muxtar respublikada texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılmasında liseyin üzərinə mühüm vəzifələr düşür. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi birinci əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər” fikirlərini diqqətə çatdırmış, bu yolda muxtar respublikanın bütün şagird, kursant və tələbələrinə, müəllimlərə, bütün təhsil sistemində çalışanlara uğurlar arzulamış, bir daha onların bilik bayramını təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək demişdir ki, hazırda muxtar respublikanın orta ixtisas təhsili müəssisələrində 1003 tələbənin təhsili ilə 209 müəllim, peşə təhsili müəssisələrində 636 müdavimin təhsili ilə 19 müəllim və 17 istehsalat təlim ustası məşğul olur. Cari tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 5308 olmaqla, ümumilikdə, 45 min 497 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 6657 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində isə müəllim kimi fəaliyyətə başlamaq üçün 304 gənc kadr işə götürülmüşdür. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır. 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayan liseyin VII-X siniflərinə ötən il muxtar respublika ümumtəhsil məktəblərindən qəbul aparılmış, onlardan 150-si haliyədə təhsilini davam etdirir. Cari tədris ilində liseyin VII siniflərinə qəbul üçün 474 şagird müraciət etmiş, imtahanların nəticələrinə əsasən 54 şagird liseyə qəbul olunmuşdur. Bu tədris ilində liseydə 204 şagird təhsil alacaqdır. Liseyin pedaqoji kadr potensialını təmin etmək məqsədi ilə müxtəlif ixtisaslar üzrə sənəd təqdim etmiş müəllimlərin imtahanı keçirilmişdir. Hazırda liseydə 26 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

Qeyd olunmuşdur ki, muxtar respublikada təhsilin inkişafı sahəsində kompleks tədbirlər görülür. Hazırda ümumtəhsil məktəblərində 623 elektron lövhə və 3725 dəst kompüter quraşdırılmış, kompüterlərdən 2890-ı internetə qoşulmuşdur. Bütün bunlar da tədrisin səviyyəsini xeyli yüksəltmişdir. Belə ki, 2015-2016-cı tədris ilində doqquzuncu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri ölkəmizdə ən yüksək nəticə göstərmişlər.
Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elvin Cabbarlı demişdir: Bu gün muxtar respublikada şagirdlər hər cür avadanlıqlarla təchiz edilmiş, ən müasir informasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə təhsil alırlar. Bu isə bizi daha da yaxşı oxumağa ruhlandırır. Həyata keçirilən tədbirlər nəticəsində hər bir şagird milli dəyərlərimizi öyrənməyə, zəruri elmi biliyə və dünyagörüşə yiyələnməyə çalışır. İnformasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə muxtar respublikamızda dəqiq elmlər sahəsinin inkişafı məqsədilə Fizika-Riyaziyyat Təmayüllü Liseyin fəaliyyətə başlaması gənclərə böyük imkanlar yaratmışdır. Elvin Cabbarlı təhsilə göstərilən qayğıya görə şagirdlər adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, lisey hər biri zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət tədris və yataqxana binalarından ibarətdir. 380 şagird yerlik tədris binasında 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompüter otağı, müəllimlər otağı, 55 yerlik akt zalı, kitabxana, arxiv və bufet vardır. Liseydə 42 kompüter quraşdırılmış və internetə qoşulmuş, kitabxanada 4184 dərslik və 2065 bədii ədəbiyyat olmaqla, 6249 kitab şagirdlərin istifadəsinə verilmişdir.
Lisey muxtar respublikanın distant təhsil şəbəkəsinə qoşulmuş, 2 mindən artıq elektron dərsliklə təmin edilmişdir. Elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə əlaqə yaradılmış və muxtar respublikanın 210 təhsil müəssisəsinin iştirakı ilə dərs keçirilmişdir.
Ali Məclisin Sədri şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi, dərsdənkənar məşğələlərinin düzgün təşkili, onların muzeylərə ekskursiyalara aparılması və müəllimlərin kurslarda iştirakının təmin edilməsi barədə tapşırıqlar vermişdir.

Liseyin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir ki, liseydə müasir tədris şəraiti yaradılıb. Bu da tədrisin keyfiyyətinin artmasına imkan verəcəkdir. Şagirdlərə dərslər qavramaq yolu ilə öyrədilməlidir. Dəqiq elmlərin tədrisində bu, vacib məsələdir. Elektron lövhələrdən, kompüterlərdən, müasir laboratoriyalardan səmərəli istifadə olunmalıdır. Liseydə istedadlı və bilikli gənclər hazırlanmalıdır. Bu liseyin məzunlarının gələcək fəaliyyəti və cəmiyyətdə layiqli yer tutmaları daim diqqətdə saxlanılacaqdır. Muxtar respublikanın bütün bölgələrindən imtahan yolu ilə qəbul olunmuş şagirdlər liseydə təhsil alır. Pedaqoji kollektiv şagirdlərin yüksək təhsil alması qayğısına qalmalı, nizam-intizama ciddi əməl olunmalıdır.
Kollektiv adından minnətdarlıq edən liseyin müəllimi Günay Ağayeva yaradılan müasir maddi-texniki bazanın istedadlı, savadlı və vətənpərvər gənclər yetişdirilməsinə imkan verəcəyini bildirmiş, bu yolda səylə çalışacaqlarına söz vermişdir.
273 yerlik yataqxana binasında 5 və 3 yerlik 87 yataq otağı, növbətçi, nəzarətçi və istirahət otaqları, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, ərzaq anbar­ları, bərbərxana, təsərrüfat otağı və camaşırxana vardır. Otaqların hər biri zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur.
Ali Məclisin Sədri şagirdlərin qidalanmasına və fiziki hazırlıqlarına ciddi diqqət yetirilməsinin vacibliyini qeyd etmişdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR