10 Yanvar 2025, Cümə

Azərbaycanda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin strateji xəttinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da sahibkarlar üçün hərtərəfli şərait yaradılır, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayır.

Sentyabrın 14-də Naxçıvan şəhərində “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, Naxçıvanda özəl bölmənin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Görülən işlərin nəticəsidir ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötmüşdür. Hazırda muxtar respublikada rəqabətədavamlı məhsul istehsal edən 441 sənaye müəssisəsi fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlər 2016-cı ildə də davam etdirilmiş, 16 yeni istehsal və xidmət müəssisəsi yaradılmışdır. “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi də muxtar respublikada sahibkarlığın inkişafı sahəsində görülən işlərin davamıdır.
Sahibkar Zamiq Səfərov demişdir ki, muxtar respublikada yaradılan biznes mühiti yeni istehsal sahələrinin fəaliyyətə başlamasına imkan verir. Bu imkanlardan istifadə edərək yaradılan “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsində keyfiyyətli məhsul istehsal olunacaq, istehlakçılara yüksək səviyyədə xidmət göstəriləcəkdir. Zamiq Səfərov göstərilən qayğıya görə sahibkarlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün muxtar respublikada yeni istehsal və xidmət müəssisəsi fəaliyyətə başlayır. Muxtar respublikada ilk dəfədir ki, eyni müəssisə həm istehsal, həm də xidmət sahəsi kimi fəaliyyət göstərəcəkdir. Bu da müəssisənin rentabelli işləməsinə, qənaət edilməsinə, istehsal olunan məhsulun və göstərilən xidmətin keyfiyyətinə nəzarət olunmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Hər bir ölkədə turizmin inkişafına xüsusi diqqət yetirilir. Turistlər isə o ölkələrə daha çox maraq göstərirlər ki, orada sabitlik olsun, xidmət sahələri inkişaf etsin və keyfiyyətli məhsul istehsal olunsun. Bu ilin ötən dövründə muxtar respublikaya 200 mindən artıq turist gəlmişdir. Turistlər muxtar respublikada bu cür müəssisələrin xidmətlərindən istifadə edirlər.
Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikada yeni müəssisələr fəaliyyətə başlayarkən sahibkarlara hərtərəfli dəstək göstərilir, dövlətimiz tərəfindən kreditlər verilir. Bununla yanaşı, yaxşı qazanc əldə edən sahibkarlar dövlət krediti ilə yanaşı, şəxsi vəsaitlərindən də istifadə edərək yeni müəssisələr yaradırlar. “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi yaradılarkən sahibkar öz şəxsi vəsaitindən daha çox istifadə etmişdir. Bu da gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına, keyfiyyətə daha da çox diqqət yetirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri yeni istehsal və xidmət sahəsinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, kollektivə uğurlar arzulamış və açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, istehsal sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondu və müəssisənin daxili imkanları hesabına 785 min manat vəsait sərf olunmuşdur. İkimərtəbəli binada kafe, tutumu 2 ton olan soyuducu kamera, qablaşdırma sahəsi, xammal və hazır məhsul anbarları, yeməkxana və digər xidmət sahələri vardır. Müəssisədə unlu-qənnadı məmulatları, dondurma, lokum, nuqa və nanəli konfet istehsalı sahələri fəaliyyət göstərir. Burada 7 növdə, 197 çeşiddə məhsul istehsal olunur. Müəssisənin muxtar respublikada 7 satış bölməsi vardır. Burada vətəndaşların istəklərinə uyğun olaraq da sifarişlər qəbul olunur və ünvanlarına çatdırılır. İstehsal sahəsində Naxçıvan mətbəxinə aid olan milli şirniyyat növlərinin hazırlanmasına daha çox üstünlük verilir. Müəssisənin gündəlik istehsal gücü 1200 kiloqram unlu-qənnadı məmulat, 250 kiloqram dondurma və 500 kiloqram lokum, nuqa və nanəli konfetdir. İstehsal prosesində təmizliyə və gigiyenik qaydalara ciddi diqqət yetirilir.
Ali Məclisin Sədri müəssisədə keyfiyyətə diqqət yetirilməsi, istehlakçıların və bazarın tələbatının nəzərə alınması barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR