10 Yanvar 2025, Cümə

Culfa rayonunun Xanəgah kəndi muxtar respublikanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Orta əsrlərdə Şərqin əsas elm və mədəniyyət mərkəzi olan bu kənddə son illər geniş quruculuq işləri aparılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində kəndin siması tamamilə dəyişmiş, Xanəgah müasir Azərbaycan kəndinə çevrilmişdir.

Xanəgah kənd həkim ambulatoriyası
istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikasının kənd­lərində aparılan quruculuq işlərinin əsas xarakterik cəhətlərindən biri də insanların sağlamlığına xidmət edən müasir səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsidir.
Sentyabrın 9-da Xanəgah kənd həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ramin Paşayev çıxış edərək demişdir ki, Culfa rayonunun digər kəndləri kimi Xanəgah kəndi də günü-gündən inkişaf edir. Kənddə əhalinin rahat yaşayışı və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu il kənddə həkim ambulatoriyası üçün yeni bina tikilmiş, məktəb binası yenidən qurulmuş, Xanəgah abidə kompleksi təmir olunmuşdur. Həmçinin elektrik və rabitə xətləri yenilənmiş, yollar yenidən qurulmuşdur. Bütün bunlar kənd yerində insanların sağlamlığına və təhsilinə, eləcə də xalqımızın tarixinə və mədəniyyətinə, tarixi dəyərlərimizin yaşadılmasına göstərilən qayğının parlaq ifadəsidir. Ramin Paşayev bu diqqət və qayğıya görə kənd əhalisi adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Ölkəmizdə qəbul olunan dövlət proqramları uğurla icra olunur, kəndlər abadlaşır, insanların yaşayış səviyyəsi yaxşılaşır, məskunlaşma artır. Bütün bunlar ölkəmizin gələcək inkişafına xidmət edir. Çünki inkişafın olduğu, məskunlaşmanın ilbəil artdığı, dövlət-xalq birliyinin təmin olunduğu ölkənin gələcəyi də etibarlı olur. Azərbaycanda bu tədbirlərin əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xanəgah kəndində həyata keçirilən kompleks quruculuq tədbirləri də ölkəmizin inkişafı sahəsində görülən işlərin nəticəsidir.
Qeyd olunmuşdur ki, Xanəgah kəndi tarixdə iz qoyan yaşayış məntəqəsidir. Bu ərazidəki Əlincəqala ölkəmizdə ümumilikdə əyilməzlik simvolu kimi tanınır. Eyni zamanda hürufiliyin banilərindən olan Fəzlullah Nəiminin türbəsi də bu kənddə yerləşir. Kənd tarixən elm, təhsil və mədəniyyət mərkəzi olubdur. Quruculuq işləri aparıldıqdan sonra kənddə müasirliklə tarixiliyin vəhdəti yaradılmışdır. Həkim ambulatoriyasının, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, Xanəgah abidə kompleksinin və Əlincəqalanın bərpa olunması, yolun yenidən qurulması, içməli su xəttinin çəkilməsi və digər quruculuq tədbirlərinin həyata keçirilməsi kəndi abadlığa qovuşdurmuş, insanların rahat yaşayışı təmin olunmuşdur.
Ali Məclisin Sədri demişdir: Xanəgah kəndində tarixi abidələrin yerləşməsi, eləcə də aparılan quruculuq işləri onun turizm potensialını artırır. Kəndə gələn qonaqların sayı ilbəil artır. Ona görə də kənd sakinləri daim kəndin abadlığına, təmizliyinə diqqət yetirməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.
Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş, kəndin abadlaşmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, ambulatoriya 11 otaqdan, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, manipulyasiya, aptek, qeydiyyat, tibb bacısı və təsərrüfat otaqlarından ibarətdir. Binada istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.
Həkim ambulatoriyası kənddə səhiyyə xidmətinin səviyyəsini xeyli yaxşılaşdıracaqdır. Hazırda tibb işçiləri peyvənd və hamilə qadınlara patronaj işinin təşkilini diqqətdə saxlayırlar. Bu il kənddə 8 uşaq doğulmuşdur. Haliyədə 4 hamilə qadın ambulatoriyada qeydiyyatdadır.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Həkim ambulatoriyası ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.
Xanəgah kənd sakini, ziyalı Akif Səfərov demişdir: Kəndin inkişafına böyük diqqət göstərilir. Son illər yeni sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Müasir məktəb binası uşaqların yaxşı təhsil almasına, savadlı gənclər yetişdirilməsinə imkan verəcəkdir. Xanəgah abidə kompleksinin, Əlincəqalanın bərpa olunması kəndi turizm mərkəzinə çevirmişdir. Mənzillərimizdə sürətli internetdən istifadə edirik. Kənddaxili yollara asfalt örtük salınıb, rahat hərəkət təmin edilib. Aparılan quruculuq işləri nəticəsində kənddə yeni iş yerləri açılıb. Hazırda Xanəgahda müasir evlər tikilir, şəxsi avtomobillərin sayı artır. Bu da ölkəmizdə insanların rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin nəticəsidir. Sakinlər yaradılan şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarını genişləndirirlər. Dövlətimizin kənd adamlarına göstərdiyi qayğının nəticəsidir ki, heyvandarlıq, arıçılıq, meyvəçilik, əkinçilik əsas məşğuliyyət sahəsinə çevrilib. Akif Səfərov yaradılan şəraitə görə kənd sakinləri və ziyalılar adından minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikanın hər bir kəndi abadlaşır. İnsanların rahat yaşayışı üçün tədbirlər görülür. Dağ və sərhəd kəndlərində yeni məktəb binaları tikilir, yollar çəkilir, dövlət qurumları üçün binalar, həkim ambulatoriyaları istifadəyə verilir. Bundan sonra da kəndlərin abadlaşdırılması sahəsində görülən işlər davam etdiriləcəkdir. Yaradılan şəraitin nəticəsidir ki, bu il Xanəgah kənd tam orta məktəbinin məzunlarından 5-i ali məktəblərə qəbul olub, 1-i 500-700 arası bal toplayıb. Bir sözlə, tikilənlər, qurulanlar sakinlər üçündür. Ona görə də sakinlər qurulanları qorumalı, yaşıllıqları artırmalı, kəndin inkişafına öz töhfələrini verməlidirlər.

Kənd məktəbinin binası yenidən qurulmuşdur

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, məktəb binası yenidən qurulmuş, müasir tədris avadanlıqları quraşdırılmış, binanın həyətində bufet və qazanxana tikilmişdir. 198 şagird yerlik 2 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları şagirdlərin istifadəsinə verilib. Məktəbin kitabxana fondunda 3575 dərslik və bədii ədəbiyyat vardır. Həmçinin məktəb elektron dərsliklərlə də təmin olunmuşdur.
Məktəbdə informasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılmış, 18 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli siniflər yeni tədris ilində distant təhsilin tətbiqinə və dərslərin daha mütəşəkkil keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbdə müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulması, eləcə də tədrisin keyfiyyətinin daha da yüksəldilməsi barədə tapşırıqlar vermişdir.

 Xanəgah abidə kompleksi bərpa olunmuşdur

Naxçıvanda tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır, əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Xanəgah abidə kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır.
Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah abidə kompleksinə gəlmiş, burada görülən işlərlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, abidədə geniş bərpa işləri aparılmış, türbənin dam örtüyü yenilənmiş, işçilər üçün otaq yaradılmış, həyət abadlaşdırılaraq yeni işıqlandırma sistemləri quraşdırılmışdır. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə 12-15-ci əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın 18-ci əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunmuşdur. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn etmişlər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olmuş, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirmişdir. Abidə turistlərin böyük marağına səbəb olur.
Ali Məclisin Sədri abidənin qorunub-saxlanılması, ziyarətçilərə onun tarixi haqqında dolğun məlumatlar verilməsi barədə tapşırıqlar vermişdir.

*      *     *

Xanəgah kəndində abadlıq işləri də görülmüşdür. Kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük salınmış, 20 su keçidi qoyulmuşdur. Həmçinin kənddə 350 metr məsafədə fiberoptik kabel, 500 metr müxtəlif tutumlu rabitə və 400 metr elektrik xətti çəkilmişdir. Kənddəki mövcud kaptaj və içməli su xətlərində də təmir işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR