Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı görüşdə nitq söyləyib.
Sonra Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib.
Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Sonda Prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.
AZƏRTAC