Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazası gücləndirilmiş, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq bölmənin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji Xidmət mərkəzi istifadəyə verilmişdir.
Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Seysmoloji Xidmət mərkəzinin işi ilə tanış olmuşdur.
Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilmişdir ki, mərkəzdə ölkəmizdə ilk dəfə tətbiq olunan ABŞ-ın istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılmışdır. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompüterə daxil olur. Nəzarət kompüteri verilən məlumatları təhlil edir və arxivləşdirərək yaddaşda saxlayır. Yaddaş qurğusu 24 terabayt tutuma malikdir ki, bu da məlumatların uzun müddətə saxlanmasına imkan verir. Həmçinin yeni avadanlıqlar vasitəsilə dünyanın istənilən yerində baş verən seysmik hadisələr haqqında məlumat almaq mümkündür. Bütün bunlar isə seysmik monitorinqlərin aparılması, yerin tərkində tektonik proseslərin izlənməsi və seysmik fəallığın öyrənilməsi proseslərinin operativ şəkildə həyata keçirilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Naxçıvanın seysmik cəhətdən aktiv ərazidə yerləşməsi və blokada şəraitində olması nəzərə alınaraq 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun nəzdində Seysmoloji Xidmət mərkəzi yaradılmışdır. Ötən dövrdə muxtar respublikada bu sahədə bir sıra tədbirlər görülmüş, Heydərabad, Şahbuz, Babək və Ordubad seysmoloji məntəqələri fəaliyyətə başlamışdır. Lakin Seysmoloji Xidmət mərkəzinin avadanlıqları ötən əsrin 50-60-cı illərinin istehsalı olduğundan müasir tələblərə cavab vermirdi. Ona görə də Amerika Birləşmiş Ştatlarının bu sahədə fəaliyyət göstərən şirkəti ilə müqavilə bağlanılaraq yeni avadanlıqlar alınıb quraşdırılmış, muxtar respublikadakı məntəqələrlə əlaqələr yaradılmış və seysmoloji xidmət sahəsində fəaliyyət müasir tələblər səviyyəsinə çatdırılmışdır. Quraşdırılan yeni avadanlıqlar hesabına muxtar respublikanın ərazisində, ümumilikdə isə regionda seysmoloji aktivliyə tam nəzarət etmək mümkündür.
Ali Məclisin Sədri demişdir: Mərkəzin qarşısında duran əsas vəzifə muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq, təhlil etmək və aidiyyəti üzrə məlumat verməkdən ibarətdir.
Ali Məclisin Sədri seysmoloji xidmət sahəsi üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini bildirmiş, kollektivi təbrik etmiş və onlara işlərində uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərə və yaradılan şəraitə görə alim və tədqiqatçılar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri seysmoloji xidmətin təşkili və bu sahədə elmi-tədqiqat işləri aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti