10 Yanvar 2025, Cümə

Bu gün ölkəmizin iqtisadi gücü onun hər bir yaşayış məntəqəsinin inkişafı ilə ölçülür. Şəhər və kəndlərdə yaradılan infrastruktur, tikilən sosial obyektlər insanların rahat yaşayışının təmin olunmasına xidmət edir. Hər il muxtar respublikanın kəndlərində geniş tikinti quruculuq işləri aparılır. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə Naxçıvan kənd­lərini abadlığa, müasirliyə qovuşdurmuşdur. Həyata keçirilən  tədbirlər çərçivəsində Şahbuz rayonunun Kiçikoba kəndində də yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kiçikoba-Daylaqlı kənd avtomobil yolu yenidən qurulmuşdur

Hər bir yaşayış məntəqəsinin inkişafın­da başlıca amil yol infrastrukturudur. Ona görə Naxçıvanda magistral və kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır.
Avqustun 29-da Kiçikoba-Daylaqlı kənd yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 4150 metr uzunluğunda kənd yolları genişləndirilərək asfalt örtük salınmışdır. Yolun üzərində 49 su keçidi, 1 selötürücü və beton kanal tikilmişdir. Yolun yenidən qurulması Kiçikoba və Daylaqlı kəndləri arasında təhlükəsiz və rahat hərəkətin təmin olunmasına imkan verəcəkdir.

Kiçikobada yeni kənd mərkəzi tikilmişdir

Avqustun 29-da Kiçikoba Kənd Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsmişdir.

İkimərtəbəli binada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün iş otaqları ayrılmış, lazımi şərait yaradılmışdır. Mərkəzdə 4 mindən çox ədəbiyyat fonduna malik kitabxana, baytarlıq məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, iclas zalı və feldşer-mama məntəqəsi yerləşir.

Ali Məclisin Sədri kənddə insanların yaşayışı və məşğuliyyəti ilə maraqlanmışdır. Bildirilmişdir ki, Kiçikoba kəndində insanlar əkinçilik, maldarlıq və bağçılıqla məşğul olur, sahələrdən bol məhsul götürülür. Yaradılan şərait məskunlaşmanı artırmışdır. Hazırda kənddə 4 yeni mənzil tikilir.

 Feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmış, lazımi tibbi avadanlıqlar qoyulmuşdur. Məntəqə ilə tanışlıq zamanı kənd sakinlərinin, xüsusilə hamilə qadınların və uşaqların sağlamlıqlarının qorunması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar verilmişdir.

Kənddə yeni xidmət mərkəzi istifadəyə verilmişdir 

Həmin gün Kiçikoba kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Xidmət mərkəzində bərbərxana, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 3 nəfər işlə təmin olunmuşdur. Bildirilmişdir ki, mağazada yerli kənd təsərrüfatı və sənaye məhsullarının satışına daha çox üstünlük verilir, sakinlərin gündəlik tələbatı nəzərə alınır.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.
Ali Məclisin Sədri kənddə aparılan quruculuq işlərinə görə sakinləri təbrik edərək demişdir: Kiçikoba və Daylaqlı kəndləri bir inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə edirlər. Ötən il Daylaqlı kəndində quruculuq işləri aparılmışdır. Bu il isə Kiçikoba kəndində yeni sosial obyektlər tikilmiş, kənd abadlaşdırılmışdır. Həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hər iki kəndə yeni içməli su xətləri çəkilmiş, mənzillər daimi və keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri demişdir: Kiçikoba kəndinin təbii şəraiti burada müxtəlif təsərrüfat sahələrinin – maldarlığın, heyvandarlığın, bağçılığın və əkinçiliyin inkişaf etdirilməsinə imkan verir. Rayon mərkəzinə yaxın ərazidə yerləşməsi isə istehsal olunan məhsulların rahat formada bazara çıxarılmasına şərait yaradır. Kənddə abad yol, müasir məktəb binası, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baytarlıq və feldşer-mama məntəqəsi, içməli və suvarma su təminatı vardır. Əhaliyə dayanıqlı enerji və rabitə xidməti göstərilir. Təsərrüfatların inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən kreditlər verilir. Bir sözlə, Kiçikoba kəndində aparılan quruculuq işləri və yaradılan şərait bir kəndin timsalında müasir Azərbaycan kəndinin inkişafını göstərir. Kənddə həyata keçirilən tədbirlər imkan verəcəkdir ki, sakinlər ölkə­mizin inkişafına öz töhfələrini versinlər. Bunun üçün təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, məskunlaşma artmalı, uşaqlar yaxşı təhsil almalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kəndin abadlığı daha da artırılmalıdır.
Ali Məclisin Sədri kəndin zəhmətkeş insanlarının göstərilən dövlət qayğısından səmərəli istifadə edəcəklərinə əminliyini bildirmiş, sakinlərə firavan həyat arzulamışdır.
Kənd sakini İsmayıl İsmayılov minnətdar­lıq edərək demişdir: Kiçikoba kəndində geniş quruculuq işləri aparılıb. Yol, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Əhalinin içməli, təsərrüfatların isə suvarma suyuna olan tələbatı tam ödənilib. Dayanıqlı elektrik enerjisindən, təbii qazdan və rabitə xidmətindən istifadə edirik. Bu abadlıq insanların rahat yaşamasına, təsərrüfatla məşğul olmasına geniş imkanlar açır. Sakinlər kənddə görülən quruculuq işlərini, yaradılan şəraiti ölkəmizdə insan amilinə verilən qiymət kimi dəyərləndirirlər. Çalışacağıq ki, kəndimizin abadlığını qoruyub saxlayaq, ölkəmizin inkişafına öz töhfəmizi verək. 

* * * 

Kiçikoba kəndində quruculuq işləri aparılarkən rabitə, elektrik və qaz xətləri də yenilənmişdir. Kənddə 400 metr müxtəlif tutumlu rabitə xətti, 800 metr elektrik xətti, 510 metrlik qaz xətti çəkilmiş, rabitə və elektrik dirəkləri dəyişdirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR