Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.
Bert Skufs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin razılıq doğurduğunu bildirib. Ölkələrimiz arasında ticarət, sərmayələr, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Bert Skufs fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayıb, hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
AZƏRTAC