Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gedib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının yeni inzibati binasının, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin, “Qafqaz Tufandağ Mountain Resort” otelinin, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun açılışlarında, “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib, Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri, Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
AZƏRTAC