10 Yanvar 2025, Cümə

Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində sağlamlıq imkanları məhdud olan 4 nəfər Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər və Azərbaycan Vətən Müharibəsinin iştirakçısı olan iki nəfərə isə “NAZ-Lifan 320” markalı minik avtomobilləri təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov tədbirdə çıxış edərək demişdir ki, şəhid ailələrinin və müharibə əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onlara sosial xidmət göstərilməsi diqqət mərkəzindədir. 2016-cı ilin birinci yarısında 5 müharibə əlili və şəhid ailəsi mənzillərlə təmin edilmiş, məhdud fiziki imkanlı 132 nəfərə müxtəlif sanatoriya və pansionatlara göndərişlər, 148 nəfərə texniki bərpa vasitələri verilmiş, 117 nəfərin bərpa mərkəzlərində, 6 nəfərin isə xarici ölkələrdə müalicələri təşkil edilmişdir. Eyni zamanda 170 nəfərə protez-ortopedik xidmət göstərilmişdir. Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, əmək bazarına inteqrasiyası və yaradıcılıq potensiallarının aşkar edilməsi də diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların tibbi və sosial bərpası istiqamətində ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni mənzillə və avtomobillə təmin olunanlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə təşəkkür edərək demişdir: Bu gün mənzil və avtomobil təqdim olunan şəxslər vaxtilə vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş, bu yolda sağlamlıqlarını itirmişlər. Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmizdə xüsusi imtiyaza malikdirlər. Onlara dövlətimiz tərəfindən yeni mənzillər və minik avtomobilləri verilir. Bu gün də sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarından 4-ü yeni mənzillə, 2-si isə minik avtomobili ilə təmin olunur. Bütün bunlar vətən qarşısında xidməti borclarını layiqincə yerinə yetirən insanlara dövlətimiz tərəfindən göstərilən qayğıdır. Eyni zamanda bu şəxslərin vətən yolunda göstərdikləri xidmətlər digər insanlar üçün də nümunədir.
Ali Məclisin Sədri demişdir: Bu gün mənzil və avtomobil təqdim olunan insanlar yalnız bir amal – Vətən yolunda xidmət etmişlər. Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə görə bundan sonra da dövlətimizin himayəsi və qayğısı altında yaşayacaqlar.

Ali Məclisin Sədri yeni mənzillə və avtomobillə təmin olunanlara təbriklərini çatdırmış, mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmiş, onlara firavan həyat arzulamışdır.
Mənzillə təmin olunan Şəmil Babayev çıxış edərək demişdir: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu biz – Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlər, şəhid ailələri də gündəlik həyatımızda hiss edirik. Bizə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Son illər muxtar respublikada şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması artıq ənənəyə çevrilib. Ailəmizin mənzillə təmin olunacağını eşidəndə çox sevindik. Şəmil Babayev gözəl şəraitli mənzillə təmin olunduqlarına görə müharibə əlilləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına verilən üç və ikiotaqlı mənzillər Şərur rayonunun Yengicə, Babək rayonunun Nehrəm, Kəngərli rayonunun Böyükdüz və Sədərək rayonunun Sədərək kəndlərində yerləşir. Yeni tikilən mənzillərin hər birində lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Həmçinin mənzillə təmin olunanlara xalça hədiyyə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR