10 Yanvar 2025, Cümə

Bu gün Naxçıvan dağlarının əzəmət və qüdrətini həm də onun zirvəsində Vətənin keşiyini çəkən Azərbaycan əsgərləri artırır. Sinəsini düşmənə sipər edən vətən oğulları torpaqlarımızı etibarlı müdafiə edirlər. Artıq muxtar respublikanın çətin dağlıq şəraitdə yerləşən bütün hərbi hissələri yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malikdir. Xalq-ordu birliyi, peşəkar və vətənpərvər şəxsi heyət bu ərazilərdə xidmətin nümunəvi təşkilinə imkan verir.

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanmışdır.
Əsgərləri salamlayan Ali Məclisin Sədri demişdir: Bu gün siz düşmənlə sərhəddə xidməti vəzifələrinizi yerinə yetirirsiniz. Təbiət baxımından zəngin olan bu ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hərtərəfli şərait vardır. Hərbi qulluqçuların xidməti vəzifələrini uğurla yerinə yetirmələrinin nəticəsidir ki, sərhədlərimiz etibarlı qorunur, insanlarımız bu ərazidə məskən salır, təsərrüfatlarını genişləndirir, rahat və təhlükəsiz yaşayırlar.
Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür etmişdir.
Ali Məclisin Sədri demişdir: Hər bir ölkədə sabitliyin və inkişafın təmin olunmasında əsas amillərdən biri də sərhədlərin etibarlı müdafiə olunmasıdır. Muxtar respublikanın bu ərazisində yerləşən kənd yaşayış məntəqələrində insanların rahat yaşaması və məskunlaşması üçün lazımi şərait yaradılıb, yeni sosial obyektlər tikilib istifadəyə verilib. Həmçinin hərbi hissə üçün də bina tikilmiş, xidmətin hərtərəfli təşkili üçün bütün şərait yaradılmışdır. Gələcəkdə də bu tədbirlər davam etdiriləcəkdir. Bütün bunların müqabilində isə hərbi qulluqçular xidmətlərini nümunəvi təşkil etməli, sərhədlərimiz etibarlı qorunmalıdır.
Ali Məclisin Sədri xidməti vəzifələrinin yerinə yetirilməsində şəxsi heyətə uğurlar arzulamışdır.
Baş leytenant Vüsal Qasımov və əsgər Vəli Axundlu şəxsi heyət adından minnətdarlıq edərək demişlər ki, vətənə xidmət şərəf işidir. Yüksək dağlıq şəraitdə torpaqlarımızın müdafiəsində dayanmaq isə ikiqat qürurvericidir. Əsgərlərin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəkdir. Şəxsi heyət arasında birlik və bərabərlik vardır. Bu gün ordumuz ona görə güclüdür ki, o, qüdrətli dövlətimizə və xalqımıza arxalanır. Ali Məclis Sədrinin əsgərlərlə görüşməsi onların məsuliyyətini artırır. Çıxış edənlər həmçinin bildirmişlər ki, bundan sonra da torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, “bir nəfər hamı, hamı bir nəfər üçün” şüarına əməl edərək xidməti borclarını şərəflə yerinə yetirəcəklər.
Sonra Ali Məclisin Sədri əsgərlərin məişət şəraiti ilə maraqlanmışdır.
Bildirilmişdir ki, hərbi hissədə əsgərlərin qidalanması, yaşayışın və xidmətin nümunəvi təşkili üçün bütün tədbirlər görülmüşdür. Binada yataqxana, yeməkxana, ərzaq və əşya anbarları, tibb və ideoloji otaqlar vardır. Günün nizam qaydasına uyğun olaraq əsgərlərin fiziki hazırlığına, təlimlərdə iştirakına, qidalanmasına və sağlamlıqlarının qorunmasına ciddi diqqət yetirilir, şəxsi heyət mütəmadi olaraq tibbi müayinədən keçirilir.
Müdafiə qüdrətinin gücləndirilməsi və əlverişli hücum mövqeyinin seçilməsi, hərbi hissənin əhatə etdiyi postların müasir döyüş texnikaları və silahlarla təmin olunması, postlar arasında yol və dayanıqlı rabitə əlaqələrinin yaradılması xidmətin səmərəli təşkilinə imkan verir.
Sonra Ali Məclisin Sədri Culfa rayonunun Ləkətağ kəndində yerləşən hərbi hissəyə gəlmiş, əsgər və zabitlərlə görüşmüşdür.
Ali Məclisin Sədri demişdir: Bu gün Azərbaycanda sabitlik və iqtisadi inkişaf vardır. Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sabitliyi, sabitlik isə iqtisadi inkişafı təmin etmişdir. Vaxtilə bu ərazilərdə heyvandarlıqla məşğul olanlar çətinliklərlə qarşılaşırdı. Bu gün isə ərazidə onlarla oba vardır. Çünki sərhədlərimizdə hərbi xidmət nümunəvi təşkil olunmuşdur. Oba sakinləri öz təsərrüfatlarında on minlərlə heyvan saxlayır, yaylaqlardan təhlükəsiz və səmərəli istifadə edirlər. Onlar ordumuza arxalanaraq düşmənlə sərhəddə öz ailələri ilə məskən salırlar. Bütün bunlar bir daha təsdiq edir ki, vətəndaşlarımız öz ordusuna, əsgərinə güvənir. Eyni zamanda bütün bunlar ölkəmizdə ordu quruculuğu və iqtisadi inkişafın təmin olunması sahəsində həyata keçirilən tədbirlərin nəticəsi, xalq-ordu birliyinin daha bir ifadəsidir.
Ali Məclisin Sədri demişdir: Yüksək dağ şəraitində yerləşən hərbi hissələrdə xidmət bundan sonra da nümunəvi təşkil olunmalıdır. Çünki hərbi xidmətin uğurla yerinə yetirilməsi, sərhədlərimizin qorunması sabitliyin təmin olunmasına, sakinlərin öz kəndlərində, heyvandarların isə yaylaqlarda rahat və təhlükəsiz yaşamasına imkan verir.
Xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan edilmişdir.
Kapitan Rüfət Orucov və əsgər Naim Kərim demişlər ki, dağ şəraitində xidmət edən əsgər və zabitlər üçün bütün şərait yaradılıb. Hərbi qulluqçularla görüşlər isə onların döyüş ruhunu daha da artırır. Vətənə sədaqətlə xidmət etmək, torpaqlarımızı, dövlətimizi, xalqımızı müdafiə etmək hər bir hərbi qulluqçunun qarşısında duran ən başlıca vəzifədir. Düşmən bilməlidir ki, qüdrətli Azərbaycan əsgəri istənilən döyüş tapşırığını yerinə yetirmək əzmindədir.
Həmin gün Ali Məclisin Sədri oba sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə xidmət aparan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları ilə də görüşmüş, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissələrin anbarlarına təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR