10 Yanvar 2025, Cümə

Hörmətli deputatlar və sessiya iştirakçıları!
1990-cı ilin 22 iyulu ölkəmizin tarixində ümummilli liderimizin Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı günüdür.
Xalqımızın böyük oğlu Moskvadan Naxçıvana qayıdışı ilə bağlı deyirdi ki, “Doğma Vətən torpağına... bu ağır və çətin dövrdə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”.
Ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanan mübarizə Azərbaycana ikinci həyat verdi, ona müstəqillik bəxş etdi. Artıq Azərbaycan Respublikası 25 ildir ki, müstəqillik şəraitində yaşayır və inkişaf edir. Zaman baxımından o qədər də böyük olmayan bu dövrdə ölkəmiz, eləcə də Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçmişdir. Bu inkişafa ümummilli lider Heydər Əliyev siyasətinə və yoluna sadiqlik nəticəsində nail olunmuşdur.
Hər bir uğurun arxasında insan əməyi və nizam-intizam dayanır. Muxtar respublikamızda 2016-cı ilin “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması isə məsuliyyət hissini daha da artırmış, qəbul edilmiş dövlət proqramları vaxtında icra olunmuş, nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilmiş, sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika qorunub saxlanılmışdır.

Muxtar respublikanın ümumi inkişafını xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 1 milyard 144 milyon manatı ötmüşdür. Onun hər bir nəfərə düşən həcmi isə 2 min 568 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin ilk 6 ayı ilə müqayisədə 4 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu maddi istehsalın payına düşür ki, bu da iqtisadi sahədə əldə olunan nailiyyətlərin dayanıqlığının əsas göstəricisidir.
İqtisadi dayanıqlığın təmin edilməsində 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən üçüncü dövlət proqramına əməl olunması da mühüm rol oynayır. Nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi nəticəsində bu gün muxtar respublikada iqtisadiyyat şaxələndirilmiş, kənd təsərrüfatı ilə yanaşı sənayenin də aparıcı rolu təmin edilmişdir. Sənayedəki nailiyyətlər məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhali tələbatının yerli məhsullar hesabına ödənilməsinə, xarici ticarət dövriyyəsinin artırılmasına, yekun nəticədə əhalinin rifah halının yaxşılaşmasına öz təsirini göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 3 faiz artaraq 511 milyon 840 min manatdan çox olmuşdur. Mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, istehsal prosesində müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması nəticəsində muxtar respublikada sənaye müəssisələrinin sayı 442-yə çatdırılmışdır. Yerli istehsalın inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur, 343 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
Qeyd olunan dövrdə ümumi daxili məhsul istehsalında sənayenin payı 32 faiz təşkil etmiş, onun isə 96 faizi özəl bölmənin inkişafı hesabına əldə olunmuşdur.
İstehsal olunan sənaye məhsulunun 93 faizə qədəri emal müəssisələrinin payına düşmüşdür. Bu isə öz növbəsində sənaye müəssisələrini xammalla təchiz edən kənd təsərrüfatının inkişafının nəticəsidir. Bu gün kənd təsərrüfatının inkişafı ərzaq bolluğu, etibarlı ərzaq təminatı yaratmaq deməkdir. Ərzaq təminatı olmadan nə daxili bazarı qorumaq, nə də emal müəssisələrini təmin etmək mümkün deyil. Odur ki, bütün bu xüsusatlar diqqətdə saxlanmış, muxtar respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.
Kənd təsərrüfatının müasir texnika və gübrə ilə təchiz olunmasına da diqqət artırılmışdır. 2016-cı ilin ötən dövründə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə daha 57 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmiş, məhsuldarlığı artırmaq məqsədi ilə məhsul istehsalçılarına 4905 tondan çox gübrə verilmişdir.
Əkinçilikdə məhsuldarlığın artırılmasına çox böyük təsir göstərən meliorativ tədbirlər cari ilin ötən dövründə də davam etdirilmişdir. Belə ki, Babək rayonunda yeni nasos stansiyasının, Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar sahənin su təminatını yaxşılaşdırmağa imkan verən suvarma boru xəttinin tikintisi başa çatdırılmışdır. Hazırda Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 107 hektar sahəsində qapalı suvarma şəbəkəsinin qurulması işi davam etdirilir.
Aqrar sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, 2016-cı ilin məhsulu üçün 61 min 526 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyətə malik taxılçılıq öz üstün mövqeyini qoruyub saxlamışdır. Hazırda cari ilin məhsulu üçün əkilmiş 31 min 579 hektar sahədə taxıl biçini davam etdirilir. Biçilmiş sahələrdən orta məhsuldarlıq 29,8 sentner təşkil edir.
Muxtar respublikada ekoloji cəhətdən saf meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişli şərait vardır. Bu məqsədlə 2016-cı il fevralın 8-də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuşdur.
Bitkiçiliklə yanaşı kənd təsərrüfatının digər gəlirli sahəsi olan heyvandarlıq da inkişaf etdirilir. Yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mövcud təsərrüfatların fəaliyyətinin genişləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən fermerlərə 6 milyon manatdan artıq kredit verilmiş, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün tədbirlər davam etdirilmişdir.
Həyata keçirilmiş tədbirlər kənd təsərrüfatının inkişafına təkan vermiş, ümumilikdə 117 milyon 545 min manatadək məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.
Ekoloji tarazlığın qorunması məsələləri də diqqət mərkəzində saxlanılmış, 246 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 216 mindən çox ağac və gül kolu əkilmişdir.
Ötən 6 ayda tikinti-quraşdırma və abadlaşdırma tədbirlərinə də diqqət artırılmışdır. Yaradılan müasir infrastruktur, istifadəyə verilən rahat yollar, sosial obyektlər, xidmət sahələri yaşayış məntəqələrimizin görkəmini dəyişməklə bərabər rahatlıq da gətirmişdir.
Mənzil şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində Naxçıvan şəhərində bir ictimai yaşayış binası istifadəyə verilmiş, bir yaşayış binasının və “Gənclər şəhərciyi”nin tikintisi davam etdirilir.
Mühüm sahələrdən biri də yol-nəqliyyat infrastrukturunun yenilənməsidir. Ötən 6 ayda Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmiş, Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlamış, Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Ter­minalı”nda yenidənqurma, Ordubad dəmiryolu sərnişin vağzalında isə tikinti işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi davam etdirilir.
İnformasiya və rabitə sahəsində yeni texnologiyalar tətbiq olunmuş, göstərilən xidmətlərin əhatə dairəsi genişləndirilmişdir. Cari ilin ötən dövründə muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemlərinin istifadəyə verilməsi vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin asanlaşdırılmasına, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkilinə şərait yaratmışdır.
Enerji təhlükəsizliyinin təmin olunması sahəsində işlər davam etdirilmiş, istehlakçılar elektrik enerjisi və təbii qazla fasiləsiz təchiz olunmuş, istifadə olunan enerji daşıyıcılarının dəyəri tam həcmdə ödənilmişdir.
Hazırda dünya iqtisadiyyatında iqtisadi baxımdan ən gəlirli sahələrdən biri turizmdir. Naxçıvanın qədim tarixi və müasir inkişafı, təbii müxtəlifliyi, unikal müalicə məkanları, tarixi və dini abidələrlə zənginliyi, qabaqcıl sosial-mədəni infrastrukturu turizmin inkişafı üçün əlverişli şərait yaradıb. Bununla yanaşı ictimai-siyasi sabitliyin təmin edilməsi də muxtar respublikaya turistlərin cəlbini artırmışdır. 2016-cı ilin ilk yarısında muxtar respublikaya 188 minə yaxın turist gəlmişdir.
Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, bu ölkələrdə iqtisadi inkişafı müəyyən edən əsas faktor kiçik və orta sahibkarlıqdır. Azərbaycan da bu yolla gedir. Kiçik və orta sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər görülür.
Muxtar respublikamızın da iqtisadi inkişafında özəl sektorun mühüm rolu vardır. Sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində fəaliyyətin bu növü ilə məşğul olmaq istəyən daha 12 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınmışdır. Bank və kredit təşkilatları tərəfindən yeni istehsal müəssisələrinin yaradılması və ya fəaliyyətinin genişləndirilməsi məqsədilə 3 milyon 618 min manat, fərdi sahibkarlığın inkişafı məqsədilə isə 9 milyon 415 min manat həcmində kreditlər verilmişdir. Bu tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötmüşdür.
Sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlamasına, iş yerlərinin açılmasına, əhalinin maddi rifah halının yaxşılaşmasına da təsir göstərir. Cari ilin yanvar ayının 11-də “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın təsdiq edilməsi işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələbinə uyğun olaraq peşə hazırlığının təşkili üçün geniş imkanlar açmışdır. Görülmüş işlər nəticəsində 2016-cı ilin ilk 6 ayı ərzində 1811 yeni iş yeri yaradılmışdır ki, onun da 98 faizə qədəri, yaxud 1768-i daimi iş yerləridir.
Maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təmin olunmasında nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan 2016-cı il martın 2-də təsdiq olunmuş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Pro­qram”da nəzərdə tutulan tədbirlərin icrası maliyyə vəsaitləri dövriyyəsinin sürətlənməsinə, nağd pul kütləsinin daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azalmasına səbəb olub. Ümumiyyətlə, bu tədbirlərin davamı kimi cari ilin iyul ayının əvvəlinədək muxtar respublikanın ticarət və xidmət müəssisələrində 1156 POS-terminaldan istifadə olunmuşdur.
Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricilərindən olan xarici ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. Cari ilin yanvar-iyun ayları ərzində xarici ticarət dövriyyəsinin həcmi 207 milyon 98 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 91 faizi ixracın, 9 faizi isə idxalın payına düşmüşdür.
Həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini də təhsil, uşaq və gənclərə qayğı təşkil edir. Son illərdə istifadəyə verilən yüzlərlə məktəb binası, idman obyekti, mədəniyyət müəssisəsi, salınan universitet şəhərcikləri bir məqsədə – ölkəmizin gələcəyinin təminatçıları olan istedadlı, bilikli, sağlam və vətənpərvər nəslin yetişdirilməsinə hesablanıb. Muxtar respublikada 2016-cı ilin ötən dövrü ərzində 1806 şagird yerlik altı tam orta məktəb binası, bir peşə məktəbi istifadəyə verilmişdir. Bir lisey, bir məktəbəqədər, doqquz tam orta, bir orta ixtisas, iki ali təhsil müəssisəsi üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında, sağlam böyüməsində, asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Muxtar respublikada idmanın maddi-texniki bazası gücləndirilir, gənclərlə iş və idman sahəsində məqsədyönlü tədbirlər görülür. Həyata keçirilən tədbirlərin, yaradılan infrastrukturun nəticəsidir ki, bu gün muxtar respublika müxtəlif beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
Cari ilin ötən dövrü ərzində əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdirilib. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Belə ki, üç həkim ambulatoriyası, üç feldşer-mama məntəqəsi üçün yeni binalar istifadəyə verilmişdir. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter almışdır.
Ötən dövr Naxçıvan tarixinin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı tədbirlərlə də yadda qalıb. Üç cildlik “Naxçıvan tarixi” kitabı nəşr olunmuş, muxtar respublikanın tarixi ilə bağlı ölkə arxivlərində yeni sənədlər aşkar olunaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir.
Tarixin öyrənilməsi ilə yanaşı, bu tarixi özündə yaşadan abidələrin bərpası da diqqətdən kənarda qalmamışdır. Xalqımızın mübarizlik və vətənpərvərlik əzmini özündə əks etdirən, əyilməzlik simvoluna çevrilən Əlincəqalada bərpa işləri başa çatdırılmış, burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. Naxçıvan memarlığının nadir incilərindən sayılan Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunmuş, Qarabağlar Türbə Kompleksində bərpa işlərinin aparılmasına başlanmışdır. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir ki, bu da Azərbaycan tarixinin öyrənilməsinə mühüm töhfədir.
Naxçıvan təkcə tarixi abidələri ilə deyil, həmçinin ziyarətgahları, dini-mədəni abidələri ilə də məşhurdur. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Şərur rayonundakı “İmamzadə” dini-tarixi abidəsində bərpa və yenidənqurma işləri aparılaraq başa çatdırılmışdır.
Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və abidəsinin ucaldılması dahi rəssamın şəxsiy­yətinə və yaradıcılığına böyük ehtiramın ifadəsidir. Cari ilin may ayında “Naxçıvan – bəşəriyyətin beşiyi” 3-cü Beynəlxalq Rəsm Festivalının keçirilməsi də muxtar respublikada rəssamlıq sənətinin inkişafının daha bir göstəricisidir.
Muxtar respublikanın blokada şəraitində yaşaması, işğalçı ölkə ilə sərhəddə yerləşməsi ordu quruculuğu sahəsində tədbirlərin gücləndirilməsinin əhəmiyyətini artırır. Ordu birləşmə və hissələrinin döyüş qabiliyyəti və maddi-texniki bazası möhkəmləndirilmiş, hərbi qulluqçuların mənzil şəraiti yaxşılaşdırılmış, dörd şəhid ailəsi və sağlamlıq imkanları məhdud iki Azərbaycan Vətən Müharibəsi iştirakçısı yeni mənzillərlə təmin olunmuşdur.
İqtisadi sahədə dinamik inkişafın qorunub saxlanması, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhali arasında hüquq maarifinin, profilaktik tədbirlərin düzgün təşkili hesabına cinayətkarlıq halları artmamışdır.
Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması məskunlaşmaya və bununla yanaşı demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, muxtar respublika əhalisi artaraq 446 min nəfəri ötmüşdür.
Sosial-iqtisadi inkişafa öz töhfəsini verənlərin əməyi həmişə olduğu kimi, bu il də qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 31 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif olunmuş, iki nəfərə ali hərbi rütbə verilmiş, bir nəfər Prezident təqaüdünə, doqquz nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin altı nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmişdir.
İlk 6 ayın yekunları onu deməyə əsas verir ki, 2016-cı ildə bundan əvvəlki ilə nisbətən daha yaxşı nəticələr qazanılacaqdır. Bunun üçün isə hər bir dövlət orqanı və qulluqçusu, hər bir vətəndaş üzərinə düşən işin öhdəsindən layiqincə gəlməli, muxtar respublikanın və Azərbaycanımızın gələcəyi naminə məhsuldar və səmərəli işləməliyik.
Sağ olun!

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR