İyulun 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)
Sessiyada Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov çıxış edərək demişdir ki, 2016-cı ilin ilk 6 ayı ərzində muxtar respublikada dinamik inkişaf qorunub saxlanmışdır. Cari ilin əvvəlindən əsas kapitala yönəldilən investisiyalar 0,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, informasiya və rabitə xidmətləri 3,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,9 faiz, ixracın həcmi 2,1 faiz, əhalinin gəlirləri 2,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,9 faiz artmışdır. Muxtar respublikada iqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsi məqsədilə cari ilin ilk 6 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 529 milyon 512 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz çoxdur. Cari ilin əvvəlindən muxtar respublikada tikinti və ya əsaslı təmirdən sonra, ümumilikdə, 95 obyekt istifadəyə verilmiş, hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilmişdir. Hazırda 10 kənd mərkəzinin inşası davam etdirilməkdədir.
Qeyd olunmuşdur ki, muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Hazırda tutumu 400 ton olan 2 soyuducu anbarın yaradılması və 1 istixana təsərrüfatının genişləndirilməsi davam etdirilir. Cari ilin ötən dövrü ərzində bitkiçilik sahəsi ilə yanaşı, heyvandarlıq da inkişaf etmiş, 6 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. İyul ayının əvvəlinə qaramalın sayı 118 min baş, xırdabuynuzlu heyvanların sayı isə 740 min baş təşkil etmişdir ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,7 və 2,4 faiz üstələmişdir. Ötən dövrdə muxtar respublikadan kənara 39 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Muxtar respublikada meliorasiya-irriqasiya sistemləri də davamlı qaydada yeniləşdirilmiş, 6 subartezian quyusu tikilmiş və ya bərpa olunmuş, 8 kəhriz təmir edilmişdir. Muxtar respublikada aparılmış məqsədyönlü tədbirlər informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarını daha da genişləndirmişdir. Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı internet, 83 faizində simsiz internet xidmətləri təşkil edilmiş, yaşayış ərazilərinin 100 faizində isə rəqəmsal televiziyanın yayımı təmin edilmişdir. Hazırda ümumi nömrə tutumunun 60 faizini yeni nəsil telekommunikasiya sistemi təşkil edir.
Kamal Cəfərov demişdir ki, qəbul edilən dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər mühüm tədbirlər səmərəli məşğulluğun təmin olunmasına geniş imkanlar yaratmaqdadır. Hazırda muxtar respublikada mülki sektorda 94 min nəfərdən artıq əhali stabil əməkhaqqı təminatı ilə işləməkdədir. 2016-cı ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 662 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,7 faiz çoxdur. Pərakəndə ticarət dövriyyəsində yerli məhsulların payına və hər bir nəfərə düşən pərakəndə əmtəə dövriyyəsinin həcminə görə Naxçıvan Muxtar Respublikası ölkə üzrə ilk yerlərdə təmsil olunur. Muxtar respublikada ümumi inkişafa uyğun olaraq bank sektoru da inkişaf etmişdir. 1 iyul 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57 min 774-ə çatmışdır ki, bunun da 51 min 436-sı və ya 89 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində bütün sığorta növləri üzrə daxilolmalar isə 2 milyon 922 min 300 manat təşkil etmişdir.
Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında məlumat verərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2015-ci ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 766 min 684 manat vəsait daxil olmuş, tapşırıq 106,9 faiz icra olunmuşdur. Bu, nəzərdə tutulan məbləğdən 4 milyon 766 min 684 manat çoxdur. 2015-ci ildə büdcə daxilolmalarının 85,6 faizi Vergilər Nazirliyi, 11,8 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətləri vasitəsilə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri isə 2015-ci ildə 366 milyon 700 min manat təyinata qarşı 366 milyon 602 min 965 manat və ya 99,9 faiz icra olunmuşdur.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ilin birinci yarımilində bütün mənbələr hesabına 31 milyon 532 min manat proqnoza qarşı 34 milyon 858 min 383 manat və ya 110,5 faiz icra olunmaqla 3 milyon 326 min 383 manat artıq vəsait daxil olmuşdur. 2016-cı ilin birinci yarımilində büdcə daxilolmalarının 82,4 faizi və ya 28 milyon 712 min 133 manatı Vergilər Nazirliyi, 13,7 faizi və ya 4 milyon 788 min 293 manatı Dövlət Gömrük Komitəsi, 3,4 faizi və ya 1 milyon 185 min 581 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuş, 172 min 376 manatı və ya 0,5 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2016-cı ilin birinci yarımilində 168 milyon 947 min 480 manat təyinata qarşı 168 milyon 620 min 215 manat və ya 99,8 faiz icra olunmuşdur.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən müvəkkilin və onun aparatında yaradılan preventiv qrupun baş çəkdiyi – saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin sırasına qanunsuz miqrantların saxlanılması mərkəzi də əlavə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi hazırlanmışdır.
Sonra “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, Milli Mətbuat Günü münasibətilə mətbuat işçilərini təbrik etmişdir.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış üçüncü sessiyası öz işini başa çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti