Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.
Gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.
Sonra Rio Olimpiadasına gedən idmançılarımız Olimpiya andını içiblər.
Daha sonra idmançılar Azərbaycanın dövlət bayrağını öpüblər.
Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar diləyib.
Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub.
Bildirilib ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub.
Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirib.
AZƏRTAC