Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu yaxınlarda Varşavada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini deyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib.
AZƏRTAC