Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Varşavada Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa Prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
* * *
İyulun 9-da Varşavada NATO Sammiti çərçivəsində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində dünya birliyinin irəli sürdüyü təşəbbüslərə Azərbaycan da öz dəstəyini verir. Ölkəmiz Əfqanıstana sülhməramlı qüvvələrimizin orada təmsil olunması, müəyyən təlimlərin keçirilməsi ilə və digər müxtəlif proseslərdə dəstək göstərir.
AZƏRTAC