Muxtar respublikada həyata keçirilən meliorativ tədbirlər sırasında sahilbərkitmə işləri xüsusi yer tutur. Çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illər geniş vüsət almışdır.
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz çayında aparılan sahilbərkitmə işləri ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, aparılmış sahilbərkitmə işləri nəticəsində Araz çayı boyunca mövcud olan yaşayış məntəqələrinin, 1000 hektarlarla əkin sahələrinin, dəmir yollarının, nasos stansiyalarının və digər əhəmiyyətli obyektlərin sel sularından mühafizəsi təmin edilmiş, ərazilərin yuyulmasının qarşısı alınmışdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında 2011-ci ildə bağlanmış kredit sazişinə əsasən “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” layihəsi çərçivəsində Şərur rayonunda 14,3, Sədərək rayonunda 6,8, Culfa rayonunda 4,8, Ordubad rayonunda 5 kilometr, Kəngərli rayonu ərazisində isə 400 metr məsafədə sahilbərkitmə işləri görülmüşdür. Bundan başqa, Gülüstan türbəsinin yerləşdiyi ərazidə Araz çayı sahili boyunca 1360 metr daşla sahilbərkitmə işi aparılmış, 500 metr torpaq bənd salınmışdır. Araz çayı sahili boyunca daşla sahilbərkitmə işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sahilbərkitmə işlərinin aparılmasında əməyi olanlara təşəkkür edərək demişdir: Araz çayında sahilbərkitmə işlərinin aparılması muxtar respublika üçün vacib tədbirlərdəndir. Çünki əvvəllər muxtar respublikanın Araz çayının sahilində yerləşən torpaqları sel sularının təsiri altında yuyulurdu. Bu da müəyyən çətinliklər yaradır, yaşayış məntəqələri və əkin sahələri sel suları altında qalır, ərazilərdə şoranlaşma artırdı. Lakin 2003-cü ildən etibarən muxtar respublikada sahilbərkitmə işlərinin aparılmasına başlanıldı. Sonrakı dövrdə isə müxtəlif layihələr çərçivəsində sahilbərkitmə işləri davam etdirildi. Artıq muxtar respublikanın Araz çayı boyunca yerləşən sərhədlərində 55 kilometr məsafədə sahilbərkitmə işləri aparılmış, yaşayış məntəqələrinin, ərazilərin sel təhlükəsinin və yuyulmasının qarşısı alınmışdır.
Ali Məclisin Sədri demişdir: Sahilbərkitmə çətin və məsuliyyətli işdir. Artıq muxtar respublikada bu işləri həyata keçirən kollektiv formalaşmışdır. Ona görə də gələcəkdə də sahilbərkitmə işlərinin davam etdirilməsi nəzərdə tutulmuş, yeni layihələr hazırlanmışdır. Sahilbərkitmə işlərinin aparılması torpaqların yuyulmasının və şoranlaşmanın qarşısını almaqla yanaşı, həm də ərazinin zəngin flora və faunasının qorunmasına da imkan verir. Bu tədbirlərin nəticəsidir ki, muxtar respublikada “Arazboyu” Dövlət Təbiət Yasaqlığı yaradılmış, bu ərazilərin bitki və heyvanlar aləminin mühafizəsi təmin edilmiş, vaxtilə su altında qalan torpaqlardan səmərəli istifadə olunmasına başlanılmışdır.
Ali Məclisin Sədri sahilbərkitmə işlərinin aparılmasında əməyi olanları qiymətli hədiyyələrlə mükafatlandırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti